Kateqoriyalar
Endokrinologiya

Günəşlənmək və Vitamin D sintezi

Vitamin D, daha doğrusu hormon D, dərimizdə sintezlənən bir maddədir. Lakin vitamin D-nin sintezlənməsi üçün dərimizin günəş şüalarına məruz qalması lazımdır. 

Vitamin D dedikdə ilk ağla gələn sümük əzələ sistemidir, amma vitamin D-nin işi yalnız sümük əzələ sisteminə təsir etməklə deyil. 

Ümumiyyətlə, bədənimizin hər bir toxumasında, hər bir orqanında vitamin D reseptorları var. Əgər hər hansı bir molekulun, maddənin və yaxud da hormonun orqanda reseptoru varsa, demək ki, orqanda mütləq gördüyü bir iş də vardır.

Vitamin D sintezi üçün günəşlənmək lazımdır və bu günəşlənmədə 3 əsas nüansa fikir vermək lazımdır:

Birinci, günəşlənmənin saatı,

İkinci, neçə dəqiqə günəşlənməyiniz,

Və üçüncü bədənin neçə faiz sahəsinin açıq olması.

Necə günəşlənmək lazımdır?

Bizim ölkəmizə uyğun olaraq vitamin D sintezlənməsi üçün uyğun aylar may ayından başlayaraq oktyabr ayına qədərdir. Təxminən 6 aydır. Qış və payız aylarında dərimizə gün şüası birbaşa düşsə belə, vitamin D sintez olunmur. Vitamin D sintezlənməsi üçün qeyd etdiyimiz aylarda səhər saat 11-dən günorta 3 arası günəşlənməyimiz lazımdır.

Bu neçə dəqiqə çəkməlidir? Hardasa 20-40 dəqiqə arası günəşlənməyimiz lazımdır. Bu dərinin rənginə uyğun olaraq dəyişir. Əgər dəri daha açıq rəngdədirsə, bu zaman 20-25 dəqiqə günəşlənmək kifayət edir. Əgər dəri daha tünd rəngdədirsə, yarım saat, 40 dəqiqəyə qədər günəşlənmək lazımdır.

Gündəlik yetəri qədər vitamin D sintezi üçün bədənimizin haradasa 20% sahəsi açıq olmalıdır. Bu, təxminən üz, baş, qollar və ayağının bir hissəsi, haradasa dizə qədər olan nahiyəsi açıq olmalı və birbaşa gün şüaları düşməlidir. 

Paltarın altından, pərdənin, şüşənin arxasından vitamin D sintezlənməz və vitamin D gün qoruyucu kremlər çəkəndə sintezlənməz. Bu qətiyyən günü qoruyucu kremlərdən istifadə etməyək anlamına gəlmir. Sadəcə olaraq günəşləndikdən ilk 20-30 dəqiqə günəş qoruyucu kremlər çəkmədən günəşlənib, sonra günəşlənməyimiz 30-40 dəqiqədən çox çəkmiş olarsa, mütləq gün qoruyucu kremlərdən istifadə etməyimiz lazımdır.

Vitamin D çatışmazlığı

Vitamin D çatışmazlığı olarsa, hansı şikayətlərimiz olar, nə baş verər orqanizmdə?

Sümük əzələ sisteminə təsir edər, əzələ ağrılarına, əzələ gücsüzlüyü olar. Həmçinin sümük sisteminə təsir edər, sümük yumuşalması əmələ gələr. Bunun tibbi adı osteomalizidir. Uşaqlarda adı “raket xəstəliyidir”. Sümük əriməsi əmələ gələr. Bunun tibbdə adı osteoporozdur. Osteoartrit-ə belə gətirib çıxarda bilir.

Həmçinin vitamin D çatışmazlığı bir sıra autoimmun xəstəliklərin əmələ gəlmə riskini artırır, xüsusilə də, multipl skleroz və revmatoid artrit kimi autoimmun xəstəliklərin.

Bəzi tədqiqatlar vitamin D çatışmazlığını tip 1 və tip 2 diabet əmələ gəlmə riskini artırdığını göstərmişdir. Son dövrlərdə, xüsusilə də, bu COVID pandemiyasından sonra vitamin D-nin infeksion xəstəliklərlə bir əlaqəsi olduğunu, belə ki, vitamin D immun sistemimizə müsbət təsir göstərdiyi üçün vitamin D çatışmazlığı, bir sıra infeksion xəstəliklərin, xüsusilə də, tənəffüs yolu infeksion xəstəliklərin əmələ gəlmə riskini artırır. Həmçinin vitamin D çatışmazlığından bəzi xərçəng xəstəlikləri arasında bir əlaqə olduğunu sübut edən tədqiqatlar var. Xüsusilə də, “məmə kanseri”, yoğun bağırsaq, prostat vəzi və mədəaltı vəz kanserinin əmələ gəlməsi ilə bir əlaqəsi var vitamin D çatışmazlığının. 

Hətta bəzi tədqiqatlar vitamin D çatışmazlığının psixiatrik xəstəliklərlə əlaqəsi olduğunu belə göstərmişdir. Belə ki, depressiyası və şizofreniyası olan xəstələrdə vitamin D çatışmazlığına daha çox rast gəlinir.

Dr.Gülay Məmmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir