Kateqoriyalar
Cərrahiyyə

Babasil

Proktoloji xəstəliklər içərisində ən geniş yayılanı babasil xəstəliyidir.

Babasil xəstəliyi nədir? Necə yaranır?

Babasil xəstəliyi düz bağırsaqda olan venoz kələflərin, venoz damarların durğunluq səbəbindən qanla dolub şişməsi nəticəsində yaranır.

Bəs bu durğunluğa səbəb nədir?

Durğunluğa səbəb, əsasən, xroniki qəbizlik, xroniki ishal, qadınlarda hamiləlik və doğuş prosesidir. Həmçinin bəzi xəstəliklərdə portal hipertenziya, qaraciyər sirrozunda durğunluq yarana bilir. Bundan əlavə, daim oturaq həyat tərzi keçirənlərdə, daim ağır fiziki işlə məşğul olanlarda durğunluq olur və bunun nəticəsində bağırsaq venalarımız qanla dolur, şişir və düyünlər yaranır.

Babasilin növləri və fərqləri

Xarici və daxili olmaqla babasil 2 qrupa bölünür. Xarici babasil düyünü, əsasən, anal kanalın sol hissəsində xaricdə olan venoz damarların şişməsi nəticəsində yaranır. Daxili babasil düyünü isə düz bağırsaqda, anal kanalda dişli xətdən yuxarıda olan venoz kələflərinin qanla dolub və şişməsi nəticəsində yaranır. 

Daxili babasilin mərhələləri

Öz növbəsində daxili babasil düyünlərinin 4 mərhələsi mövcuddur.

1-ci mərhələdə xəstə ancaq qanamadan şikayət eləyir. Xəstədə xaricdə heç bir babasil düyünü əllənmir, görünmür, yalnız həkim müayinəsi zamanı aşkara çıxır.

2-ci dərəcəli babasil düyünlərində isə defekasiya aktı zamanı daxili babasil düyünü xaricə çıxır və defekasiya aktı bitdikdən həmən sonra babasil düyünü geriyə qayıdır. Xəstədə qanama ilə yanaşı qaşınma hissiyatı da olur.

3-cü dərəcədə isə defekasiya aktı zamanı xarici babasil düyünü xaricə çıxır, lakin defekasiya bitdikdən sonra geriyə qayıtmır. Xəstə özünün yardımı ilə babasil düyünlərini geriyə salır. Bu zaman xəstədə qanama, bununla yanaşı qaşınma və nəmlik hissiyatı olur.

4-cü dərəcəli babasil düyünlərində isə daxili babasil düyünləri daima xaricdə olur. Ən təhlükəlisi də budur. Çünki bu zaman babasil düyünlərinin boğulma riski mövcuddur və ağrılı olur. 

Xarici babasil düyünləri isə həmişə ağrılı olur, çünki xaricdə ağrı reseptorları mövcuddur, lakin daxildə ağrı reseptorları mövcud deyildir.

Nə zaman həkimə müraciət etmək lazımdır?

Babasil xəstələrin əsas şikayəti qanama, qanama ilə yanaşı qaşınma, göynəmə, anal nahiyyədə olan düyünlərin əllənməsi, diskomfort hissidir.

Qanama digər xəstəliklərdə də olur. Ona görə xəstələr rektal qanama görən kimi həkimə dərhal müraciət etməlidirlər, həkim müayinə edib düzgün diaqnoz qoymalı və müalicə taktikasını seçməlidir.

Xəstələrin həkimə müraciət etməsinin ilk səbəbi qanama şikayətidir. Xəstələr həkimə müraciət etdikdə həkim düzgün müayinə etməli, diaqnoz qoymalı və müalicə taktikasını seçməlidir. 

Babasilin müalicəsi

Müalicə taktikası isə konservativ dərman müalicəsi və cərrahi müalicə olmaqla 2 yerə bölünür. Əsasən 1-ci, 2-ci dərəcəli daxili babasil düyünlərində xroniki xarici babasil düyünlərində konservativ müalicə metodundan istifadə olunur. Bura aiddir, şamlar, məlhəmlər.

Lakin cərrahi müalicə isə əsasən, 3-cü, 4-cü dərəcəli daxili babasil düyünlərində, kombinə babasil düyünlərində və ağırlaşmış kəskin trombozlaşan xarici babasil düyünlərində istifadə olunur.

Dr.Yeganə Abdullayeva, Ümumi cərrah, proktoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir