Konyunktivitlət – gözün selikli qişasının xəstəlikləridir. Bunlar infeksion və allergik olmaqla iki qrupa bölünürlər.
İnfeksion konyunktivitlər
İnfeksion konyunktivitlərin törədici səbəbləri müxtəlif infeksiyalar və viruslar olur. Bu konyunktivitlərə ən çox uşaq yaşlarında təsadüf edirik. Çünki uşaqlar əllərini müxtəlif səthlərə vururlar, müxtəlif əşyalara vururlar və eyni zamanda gözlərinə vururlar. Bu halda konyunktivitin əmələ gəlmə sıxlığı tezləşir.
Konyunktivit özünü gözlərdə qızartı, şişkinlik, yanma və çirklənmə kimi əlamətlərlə büruzə verir. Bu halda əsasən törədicinin təyin etmək o qədər böyük əhəmiyyət kəsb eləmir. Ümumi yerli müalicələrlə, yerli antibiotik damlalarla xəstəliyin qarşısını almaq olur.
Virus konyunktivitlər
İnfeksion konyunktivitlərin bir növü də virus konyunktivitlərdir. Bu konyunktivitlər bir qədər daha ciddi konyunktivitlərdir. Əsasən bunlar “göz qripi” kimi də adlanırlar və epidemiya formasında keçirlər. Çünki bu virus konyunktivlərinin bir insandan digərinə keçmə intensivliyi çox sürətli olur. Xüsusilə də məktəb dövründə, bağça dövründə uşaqlardan bir-birinə konyunktivitin keçmə ehtimalı yüksəkdir. Əsasən virus konyunktivitləri immuniteti zəif olan insanları daha tez tutur. Uşaqlarda yenə də buna rast gəlmə tezliyi çox olur və müalicəsində immuniteti yüksəltməyə doğru yönəlməlidir müalicəsi. Uşaqların şikayəti gözlərdə qızarma, sulanma, bəzən ağrı ola bilər.
Allergik konyunktivitlər
Konyunktivitlərin digər bir növü isə allergik konyunktivitlərdir. Allergik konyunktivitlər də uşaqlarda daha tez-tez təsadüf olunur. Xüsusilə də oğlan uşaqlarında 13-14 yaşına qədər allergik konyunktivitlərin kəskinləşməsi ilə daha sıx-sıx qarşılaşırıq.
Allergik konyunktivitlər olur bahar katarı formasında, yəni ilin ancaq isti vaxtlarında rast gəlinir, soyuq vaxtlarda konyunktivit özünü büruzə vermir. Bir də ola bilər ki, fəsli konyunktivitlər olsun. Bu yaz və payız aylarında olur ki, ilin bu fəsillərində konyunktivit aktivləşir, kəskinləşir və müalicə olunmazsa ağırlaşmalara səbəb ola bilir.
Allergik konyunktiviti olan insanlarda şikayətlər: gözdən yaş axma, qızarma, güclü qaşınma olur. Bəzən xəstələr gözlərini qaşıyaraq, hətta buynuz qişalarını da zədələyə bilərlər.
Allergik konyunktivitlərin müalicəsi hormonal dərmanlarladır
Bunun müalicəsi, xüsusilə bahar katarının müalicəsi hormonal preparatlarla aparılmalıdır. Çünki başqa heç bir allergiya əleyhinə dərman nə daxilə qəbul olunan, nə də gözə tökülən dərmanlar bu xəstəliyi müalicə edə bilmir. Lakin həmin hormonal dərmanların başqa yan təsirləri də olur. Belə ki, qlaukoma, katarakta kimi xəstəliklər əmələ gətirə bilərlər.
Bu dərmanları istifadə edəndə xəstələr çox rahatlıq tapdıqları üçün, bəzən heç həkimə müraciət etmədən də özləri aptekdən həmin hormonal dərmanları alıb istifadə edirlər və bu da yenə deyirəm, gələcək zamanlarda ağırlaşmalara səbəb ola bilir.
Ona görə də allergiyası olan xəstələr, gözündə allergik şikayətləri olan, yəni qızartı, şişkinlik, qaşınma şikayətləri olan xəstələr həkimə müraciət edib həkimin konsultasiyası altında müalicə aparsalara daha yaxşı olar.
Dr.Gülxanım Məmmədova, Oftalmoloq