Kateqoriyalar
Allerqologiya

Ev tozu allergiyası

Ev tozu allergiyası deyəndə nə başa düşürük? 

Tozların içində yaşayan, yunun, tükün, bəzi kitab tozlarının içində yaşayan gənələrdir ki, bunlar allergik təsirə malikdirlər. 

Yuxarı tənəffüs yollarından, eləcə də gözlərdəki selikli qişadan, qulaqdakı selikli qişadan orqanizmə daxil olurlar və yerli olaraq bir allergik reaksiya, allergik təsir yaradırlar. 

Ev tozu allergiyasının əlamətləri

Bunun yaratdığı əlamətlər, xəstələrdə olan şikayətlər nələrdir? 

Asqırma tutmaları, ən çox səhər saatlarında olur. Gözlərdə qaşıntı olur. Gözlərin sulanması, qızarması olur. Burunda ciddi qaşıntıları olur. Dildə, damaqda qaşıntı olur. Qulaq içi qaşıntılar şikayətlərə aiddir. 

Ev tozu allergiyasının yuxarı tənəffüs yolları əlamətlərini saydıq. 

Aşağı tənəffüs yollarına da müəyyən təsir göstərir. 

Bu əlamətlərə öskürək tutmaları, boğazda qıcıqlanma, eləcə də bronxlarda sıxılma, astma kimi xəstəliklərə də gətirib çıxarda bilər. Buna görə də ev toz allergiyasını ciddiyə almaq lazımdır və müəyyən tədbirlər var ki, onları nəzərdən qaçırmamaq lazımdır. 

Diaqnostikası xüsusi, spesifik diaqnostik metodlarla aparılır. Həm qanda spesifik allergenlərə aid immunoqlabulin E səviyyəsinə görə, həm də dəri testləridir, “prick” testləridir ki, bununla diaqnozu təsdiqlənir. 

Ev tozu allergiyasının müalicəsi

Ev tozu allergiyasının müalicəsi orqanizm allergenə olan təsir dərəcəsindən asılıdır. Yuxarı tənəffüs yollarına və ya aşağı tənəffüs yollarına nə dərəcədə dərin təsir edibsə və ya hər hansı bir fəsadlar, klassik əlamətlərdən əlavə olaraq hər hansı fəsadlar törədibsə, təbii ki, müalicə metodumuz da fərqli olur. 

Müəyyən tədbirləri gözləmək lazımdır, yerinə yetirmək lazımdır demişdim. O tələblərə nələr aiddir? 

İlk öncə səhər saatlarında evlər havalandırılmalıdır. 

Yataq otağı ən çox günəş görməlidir. Bu çox vacib bir metoddur. Çünki günəş şüaları ev tozu gənələrinin məhvinə gətirib çıxaran bir şüalardır. Ona görə günəşlənən otaq yataq otağı seçilsə, daha yaxşı olar. 

Çarpayının altı boş və bazasız olmalıdır. Əgər bazalı çarpayıdırsa, onda oranı boş saxlamaq lazımdır. Yataq otağında gün ərzində bir dəfə yaş təmizləmə aparmaq lazımdır. Böyük şkaf və şifonerlərin üstü belə bir dəfə yaş təmizləmə ilə təmizlənməlidir. 

Yataq otağında kitab rəfi olması məsləhət deyil. 

Yumşaq oyuncaqların olması məsləhət deyil. 

Parça örtü örtüklü divan, kresloların olması məsləhət deyil. 

Bu tədbirlər yerinə yetirilərsə, xəstəliyin törətdiyi əlamətlər daha yüngül olar və müalicəmizin effekti də daha yüksək olar. 

Ev tozu allergiyasının tam müalicəsi varmı?

Xəstələrin ən çox verdiyi sual “Doktor, ev toz allergiyasından can qurtarmaq olarmı. Yəni bunun tam müalicəsi mümkündürmü?” 

İmmunoterapiya deyilən bir metodumuz var ki, bu metod nədir, nə deməkdir? 

İmmunoterapiya dedikdə səbəbkar allergeni, yəni ev toz allergiyasında gənədirsə, səbəbkar allergen… Onu xırda dozalarla orqanizmə yeridirik. 

Bu müalicə metodunun davamiyyəti 2-3 il, idealda isə 5 ildir. 

Amma bir neçə aydan sonra xəstələr effektini yavaş-yavaş görməyə başlayırlar.

Elə xəstə var ki, çox qısa bir zamanda effekt əldə olunur, amma elə xəstələr var ki, 3-4 ildən sonra effekt əldə olunur. Bu da təbii ki, xəstənin orqanizminin müalicəyə olan cavab reaksiyasından asılıdır. 

Dr.Nigar Təhməzova, Allerqoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir