Kateqoriyalar
Endokrinologiya

Vitamin D qəbulu

Ölkəmizdə may ayından başlayaraq oktyabr ayına qədər günlənəriksə dərimizdə vitamin D sintezlənir. Amma oktyabr ayından ta ki, may ayına qədər payız və qış dönəmində günəşlənsək belə dərimizdə vitamin D sintezlənə bilməz. Ona görə biz vitamin D-ni qida əlavəsi şəklində mütləq qəbul etməliyik.

Bəs vitamin D qəbulu nə şəkildə olmalıdır, hansı dozada olmalıdır?

Bu asılıdır qanda vitamin D səviyyəsindən. 

Əgər qanda vitamin D səviyyəsi 20-dən aşağıdırsa, bu vitamin D deposunun boş olduğunu göstərir və bu zaman bizim yükləmə doza ilə müalicəyə ehtiyacımız var. 

Vitamin D müalicəsi

Yükləmə dozayla müalicə təxminən həftədə 50.000 doza olmaqla 8 həftə ardıcıl verilən vitamin D müalicəsidir. Əgər vitamin D depomuz 20-dən yuxarıdırsa, bu zaman dəstəkləyici dozada hər gün vitamin D qəbul etməyimiz lazımdır. Bu da 800-2000 beynəlxalq vahid arası dəyişir.

“Vitamin D müalicəsini kim təyin etməlidir?” sualına gəldikdə… Çünki çox zamanlar pasiyentlərin özbaşına vitamin D qəbulunu görürük. Vitamin D yağda həll olan vitamindir. Yağda həll olan vitamin olduğuna görə vitamin D-nin əksikliyi necə xəstəlik sayılırsa vitamin D-nin artıqlığı, yəni vitamin D-nin intoksikasiyası və yaxud da zəhərlənməsi də xəstəlik sayılır. 

Hətta vitamin D artıqlığının əksikliyindən daha ciddi xəstəlik olduğunu söyləyə bilərik.

Vitamin D zəhərlənməsi

Vitamin D artıqlığı niyə təhlükəlidir?

Vitamin D-nin artıq qəbulu, yəni qanda vitamin D səviyyəsinin həddindən artıq yüksək olması qanda kalsium miqdarını artırır. Qanda artan kalsium miqdarı əslində sümükdən yuyulub gələn kalsiumdur. Bu halda həm sümük kütləsinin azalması müşahidə olunur, zamanla sümük əriməsinə səbəb olur, həmçinin qanda kalsium miqdarı artır və kalsium artaraq bir sıra orqanlara mənfi təsir göstərməyə başlayır. Məsələn, ürəyə mənfi təsir göstərərək ürək ritmini poza bilər, beynə mənfi təsir göstərə bilər, mədə bağırsaq sisteminə mənfi təsir göstərib ürəkbulanma, iştahsızlıq, qusmaya belə səbəb ola bilər. Həmçinin böyrəklərə mənfi təsir göstərərək böyrək daşından tutmuş böyrək çatışmazlığına qədər gətirib çıxarda bilir.

Ona görə vitamin D qəbul olunacaqsa, xüsusilə böyük dozalarda vitamin D qəbul olunacaqsa mütləq öncədən vitamin D səviyyəsinə qanda baxılmalı və böyük dozalar yalnız həkim tərəfindən təyin olunmalı və həkimin kontrolu altında qəbul olunmalıdır.

Dr.Gülay Məmmədova, Endokrinoloq

One reply on “Vitamin D qəbulu”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir