Kateqoriyalar
Oftalmologiya

Uveitlər

Uvea, yəni damarlı qişa 3 hissədən ibarətdir: qüzehli qişa, kirpikli cisim və xorioidea. 3 hissə birlikdə zədələndikdə uveit adlandırılır.

Göz alması bilirik ki, 3 təbəqədən ibarətdir: xarici, orta və daxili təbəqə. Orta təbəqə, damarlı təbəqə – bu uvea adlanır və bu təbəqənin bütün iltihabi xəstəlikləri uveit adı altında birləşdirilir.

Anatomik olaraq uvea, yəni damarlı qişa 3 hissədən ibarətdir: qüzehli qişa, kirpikli cisim və xorioidea. Bu hər bir seqmentin xəstəliyi, yəni iltihabi xəstəliyi də müvafiq olaraq iridosiklit və xorioidit və yaxud uveit – hər 3 şöbə birlikdə zədələndikdə, tamamilə zədələndikdə uveit adlandırılır.

Klinik gedişinə görə uveitlər kəskin və xroniki gedişə malikdirlər. 

Kəskin uveitlər 3 aya qədər davam edən uveitlərdir. Onlarda klinik əlamətlər daha kəskin özünü büruzə verir və müalicəyə daha asan tabe olurlar. 

Xroniki uveitlər isə 3 ay və daha uzun müddət davam edən uveitlərdir. Burada klinik əlamətlər daha sönük, bəzən nadir hallarda da olsa, simptomsuz gedişata malik olan növlərini də görə bilirik.

Uveitin səbəbi nədir?

Səbəbləri və daha çox hansı şəxslərdə müşahidə edirik uveitləri? 

Səbəblər olduqca çoxdur və müxtəlifdir. Qruplaşdırmağa gəlincə, ekzogen və endogen səbəblərə ayrılır. 

Ekzogen səbəblər, bu, orqanizmə xarici mühitdən daxil olan xəstəlik törədici amillər, bu, bakteriya, virus, göbələk, hətta parazitlər ola bilər. Yəni infeksion xarakter daşıyır. 

Endogen səbəblər isə artıq orqanizmdə mövcud olan hər hansı bu və ya digər xəstəlik səbəb olur uveitlərin yaranmasına. Bu, sistem xəstəlikləri və yaxud kollagen toxuma xəstəlikləri ola bilər, orqan və orqanlar sistemində xroniki gedişli hər hansı bir xəstəlik səbəb ola bilər. 

Behçet xəstəliyi olan şəxslər, revmatizm, revmatoid artrit, spondilit və yaxud xroniki xoralı kolit, nefrit və s. xəstəliklər. Hətta bədxassəli şişlərdə belə, məsələn, limfomalarda biz uveit xəstəliyi ilə də rastlaşa bilirik.

Uveitin əlamətləri nələrdir?

Əlamətləri haqqında qısaca məlumat vermək istərdim. Xəstələr bizə müraciət edəndə daha çox gözündə ağrıdan, işığa baxa bilməmə, qızartı – bu ön uveitlər üçün xas olan qızartı, yəni konyuktivitlərdən fərqli olaraq buynuz qişa ətrafında dairəvi şəkildə qızartı müşahidə olunur, xəstələr göz önündə uçuşmalardan narahat olurlar. Bu, ön uveitlərə xas olan əlamətlərdir. 

Arxa uveitlərdə isə daha çox xəstələr görmə pozulmalarından şikayət edirlər. Bu da onunla əlaqədardır ki, damarlı qişanın arxa şöbəsi tor qişa ilə, yəni retina dediyimiz tor qişa ilə daha sıx təmasdadır və bu retinada olan görmə mərkəzi, yəni makulanın prosesə cəlb olunması ilə əlaqədər olur.

Uveitlərdə, xüsusilə də, arxa uveitlərdə görmə sahəsində də bir sıra dəyişikliklər müşahidə edə bilirik.

Uveitin diaqnostikası

Bizə daxil olan, yəni pasiyent əvvəlcə şikayətlərini bizə, deməli, söyləyir və biz daha ətraflı anamnez toplayırıq. Bu xəstədə bu və ya digər hər hansı bir yanaşı xəstəliyin olub-olmaması haqqında məlumat toplayırıq. Daha sonra görmə itiliyi, biomikroskopiya, göz dibi müayinə olunur və bütün müayinələrin nəticəsində əgər uveit diaqnozu qoyulursa, xəstəyə məsləhət görürük ki, ya terapevt və yaxud da revmatoloqdan konsultasiya alsınlar.

Uveitin müalicəsi

Ümumiyyətlə, uveitlər ataklar şəklində davam edən xəstəlikdir və hər bir sonrakı atak özündən öncəki atakdan daha güçlü fəsadlar buraxır. Və buna görə də uveit xəstəliyin gedişində gözdə digər yanaşı xəstəliklər bu: mirvari suyu (yəni katarakta dediyimiz), ondan sonra qlaukoma kimi yanaşı xəstəliklərə səbəb olur.

Ona görə də göz həkimi olaraq bizim əsas məqsədimiz vaxtında bu xəstəliyin diaqnozunun qoyulması və terapevtlə və yaxud revmatoloqla paralel şəkildə müalicənin aparılması. Bu zaman daha effektiv nəticə əldə edə bilərik, daha uzunmüddətli remissiya dövrü əldə edə bilərik.

Əks təqdirdə əgər sadəcə gözdə olan əlamətləri müalicə edərsək və bu xəstəliyə səbəb olan əsas xəstəliyi aşkara çıxartmasaq, bu zaman bizim müalicəmiz tamamlanmamış, yəni yarımçıq qalacaq. Ona görə mütləq revmatoloq və terapevtin konsultasiyası və paralel müalicə vacibdir.

Bir vacib nüansı da qeyd etmək istəyirəm ki, müalicə təyin edərkən xəstəyə ona stress kimi faktorlardan, soyuqdəymə, ondan sonra qidalanma və yuxu rejiminin də normallaşdırılması kimi tövsiyələri də bildiririk. Çünki bütün bu sadalanan faktorlara riayət olunmasa, bu xəstənin immunitetinin zəifləməsinə və yeni atakların baş verməsinə səbəb ola bilər.

Müalicəyə gəldikdə yüngül formalarda, yəni ön uveitlərdə biz topikal, yəni damla şəklində müalicə təyin edirik. Bu, steroidlər və bəbək genəldici dərman preparatlarından ibarətdir. Daha dərin və daha müalicəyə az tabe olan formalarda isə göz içi, göz ətrafı inyeksiyalar təyin edə bilirik və yaxud əzələ daxilinə sistem şəklində və yaxud daxilə tabletlər şəklində steroid preparatları da təyin edirik. 

Əgər xəstənin görməsini itirmə təhlükəsi müşahidə ediriksə, o zaman hətta immunosupressiv dərman preparatları da təyin edə bilərik.

Dr.Fəcrin Eminova, cərrah-oftalmoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir