Kateqoriyalar
Psixoterapiya

Unutqanlıq: səbəbləri, müalicəsi, profilaktikası

Unutqanlıq iki cürdür. 

1) Mən nəyi isə unuduram və unutduğumun fərqindəyəm. Misal, evdən çıxıram: “Telefonumu götürdümmü-götürmədimmi?” və yaxud da “Bu gün mənim bir işim var idi. O işim görəsən nə idi? Dünən axşamdan planlaşdırmışdım.” Və yaxud da marketə gedəcəyəm “Çörək aldım, yağ aldım… Görəsən, almadığım şey nə idi? Mənə üç dənə şey tapşırmışdılar.”

Bu, unutqanlığın bir növüdür. Bu, əslində, “ikincili unutqanlıq”dır. 

2) Bir də “birincili unutqanlıq” var. Mən unuduram, amma unutduğumun fərqində deyiləm. 

Misal üçün, daha çox olan problem budur: Pulu bir yerdə gizlədirəm. Sonra pulu gizlətdiyimi unuduram, amma pulumun olduğu yadıma gəlir və deyirəm ki: “O pulu kimsə götürdü.” Yəni “Mən onu harasa qoymuşam və onu tapa bilmirəm”i hiss eləmirəm. Dolayısıyla, günahlandırmağa başlayıram. 

Və yaxud da, daha çox yaşlılarda olur, soruşurlar ki: “Neçə yaşın var?” ya da “Nəvənin adı nədir?”. Unudurlar. Onlar üçün çox da həyəcan keçirtməzlər. “Mən nəvənin adını yadımdan çıxartdım”, ya da “Yaşımı yadımdan çıxartdım”ın həyəcanını keçirtməzlər. Amma bir telefonu evdə qoyanda həyəcan keçirdir. “Görəsən, nə idi?” Onun bir gərginliyini yaşayırıq. Bu, birincili unutqanlıqdır. Yaşlılarda daha çox yaranır, beynin hüceyrələrinin ölümü ilə ortaya çıxır. 

Ümumi qrup olaraq Demensiya xəstəliyi deyirlər. Onun da alt növləri var. Çox vaxt 65 yaşdan, yəni yaşlılığın hesablandığı yaşdan etibarən başladığı düşünülür. Amma daha tez başlayanlar da təbii ki, olur. 

Unutqanlığın səbəbləri nələrdir? 

Bu unutqanlığın iki səbəbi var, bir orqanik səbəbi var, bir də psixoloji səbəbi var. 

Orqanik səbəbləri bəlkə bir az daha konkretdir. Yəni endokrin sistem yaxşı işləməyəndə, xüsusilə də, tiroid vəz, yəni el arasında “zob xəstəliyi”, olanda unutqanlıq yarana bilir. Və yaxud da B12, fol turşusu vitaminləri, dəmir azlığı olanda unutqanlıq yarana bilir. Çox vaxt bizə bununla, bu şikayətlərlə müraciət edir yeniyetmə yaşlı olanlar. Biz qan analizlərindən vitaminlərni əskikliyini müəyyən etdikdə, yerinə qoyduqda bu unutqanlıq düzəlir. 

Unutqanlıq insanlarda ümumiyyətlə, hər hansı bir problem nəticəsində daha gec yaranan və daha gec düzələn bir prosesdir. Dolayısıyla, vitaminləri yerinə qoyduğumuzda təxminən dörd, beş ay sonra xəstə deyir ki: “Hə, bir faydası oldu”. 

Bu, orqanik səbəbdir, bir də psixoloji səbəblər var. İndi günümüzdə daha çox yayılan xəstəlik təşviş pozuntusudur. Təşviş pozuntusun da bir əlaməti olaraq unutqanlıq ortaya çıxa bilir. Yenə misal verim, əgər mən təşvişli biriyimsə: “Axşam bizə qonaq gələcək. Görəsən, onu necə qarşılayacağam və hər şey hazırdırmı?” Baxırıq ki, ən vacib şey çörək almağı unutmuşuq. Və yaxud da “Onlar gələndə mənim onlara bunları danışmalıyam” deyərək həyəcanlanırıq və danışa bilmirik. Və yaxud da imtahana girməmişdən öncə çox həyəcanlıyıqsa, imtahanda bildiklərimizin hamısını unudurıq. Bu, təşviş pozuntusudur. 

Və yaxud da depressiya xəstəliyində daha çox fikirlər beynimizi yorar. Keçmişə aid olan fikirlər beynimizi yorar, neqativ fikirlər beynimizi yorar. Beyin yüklənmiş formada olanda gündəlik lazımlı olan məlumatları unutmuş olarıq. Bu, unutqanlıqdır. 

Təbii ki, təşvişimiz düzələndə, əhvalımız düzələndə, unutqanlıq dayerinə gəlir. Bu, ikinci səbəbdən olan unutqanlıqlar hər zaman düzələn unutqanlıqlardır. 

Yaddaşı gücləndirən dərmanlar

Bir də bir başqa, bəlkə, birincili və ikincili səbəblərə aid olmayan, ya da bir qisimə aid olan, konkret bir yerdə oturmayan bir problemi qeyd edim. 

Bəzən xəstələr müraciət edirlər, deyirlər ki: “Doktor, mən son vaxtlar unuduram”. 

Təbii ki, bunu düzəltmək olur. 

Amma “Mən, ümumiyyətlə, unutqanam” deyəndə… Əgər mən şeiri üç dəfə oxuyub, üç dəfədən sonra əzbərləyirəmsə, elə bir metod yoxdur ki, mən onu, deyək, dərmanmı, ya vitamin, ya hər nə isə… Mən onu qəbul edim, bir dəfəyə əzbərləmiş olum. Əgər bunu belə etmək istəyirəmsə, istəyirəm ki, bir dəfə oxuyanda əzbərləyim, bu sadəcə məşqlə olacaq bir şeydir. Yəni bunun bir preparatı yoxdur ki, onu daha tez yadda saxlaya bilək. 

Çünki, bəzən belə biz müəyyən yerlərdə bir az aldadırmış oluruq, xüsusilə də, əqli geri qalan insanlarda, ya da yeniyetmələrdə, ya da uşaqlarda bu problem olduğuna görə: “Doktor, uşağım nə isə gec başa düşür. Hamı üç dəfəyə oxuyanda başa düşür. Onun 5 dəfə, 10 dəfə oxumağı lazımdır” deyəndə sanki bunun bir dərmanı var və bu dərmanı yerinə qoyanda başa düşmə tezləşəcək. Amma təəssüf ki, əqli gerilik olanda bu mümkün olmur. 

Necə edək ki, yaddaşımız güclü olsun?

İndi hamının verdiyi suallardan birisi nə idi: “Biz necə edək ki, yaddaşımız daha yaxşı olsun?” 

Təbii ki, həkim nəzərindən baxanda bir çatışmazlıq varsa, yerinə qoyarıq. 

Vitamin çatışmazlığı varsa, yerinə qoyarıq və yaxud da bir depressiya, bir həyəcan pozuntusu və yaxud da psixiatrik hər hansı bir problem varsa, onu düzəltməyə çalışarıq. 

Və yaxud da bir demensiya xəstəliyi varsa, burada artıq biz onun bərpasından daha çox pisləşməsinin qabağına keçə bilirik. Müalicəmiz bundan ibarətdir. 

Unutqanlığın qabağını necə ala bilərik?

Amma necə edək ki, xəstəlik olaraq bizdə bu problemlər yaranmasın? 

Bəzi nüanslar var, onları hamımız yaxşı bilirik. Misal üçün, sağlam qidalanmağın yaxşı bir şey olduğunu hamımız bilirik. Doğrudur. Və yaxud da idmanın gündəlik idmanın yaxşı olduğunu hamımız bilirik. Yaxşı ünsiyyət qurmağın yaxşı olduğunu hamımız bilirik. Stressin az olmağın yaxşı olduğunu hamımız bilirik. 

Təbii ki, bunların hamısı var. Amma bunların içərisində bəziləri var ki, xüsusilə, lazımlıdır. Məsələn, gecə yuxusu. Axşam 11-dən təxminən gün çıxmamışa qədər, yəni 4-də, 5-ə qədər yatılan yuxu çox-çox vacibdir yaddaş üçün, xüsusilə də, uzunmüddətli yaddaş üçün. 

Əgər bir adam imtahana hazırlaşır və o imtahan 3 ay sonradırsa və yaxud da 1 il sonradırsa, mütləq gecə yuxusu yatmaq lazımdır. Çünki “yaddaş zülalları” deyim, onlar gecə yuxuda ikən sintez olunur və bizim yaddaşımıza həkk olunur. 

Bir, yuxu məsələsi. İki, yaşlılıqda əgər qohumlarımızda bir demensiya, ya da yaşlılıqda ortaya çıxan bir unutqanlıq varsa, bu bir az genetik olma ehtimalı yüksək olan bir xəstəlik olduğuna görə bizim, xüsusilə, ona diqqət etməyimiz lazımdır. 40 yaşından sonra beynimizi çaşdırmağımız lazımdır. 

Beynimizi çaşdırmalıyıq

“Beyni çaşdırmaq” nə deməkdir? Məsələn, sağ əllə yazırıqsa, sol əllə yazmağı öyrənmək lazımdır. Və yaxud heç vaxt veloseped sürməmişiksə, veloseped sürməyi öyrənmək lazımdır. Musiqi… Hər hansı bir alətdə ifa edə bilmiriksə, onu öyrənməyimiz lazımdır. Əgər xarici dil bilmiriksə, bir xarici dil öyrənməyimiz lazımdır. Bunlar bizim yaddaşımızın daha gec pozulmasına səbəb ola bilir. 

Biz yeni şey öyrənəndə beynimiz “təzə bir səhifə açır” sanki. Çünki beynimizdə yer həddindən artıq çoxdur. Yəni düşünməyəcəyimiz qədər çoxdur. Biz onu işlətdikcə işləyir, işləməyəndə onlar qalırlar və yatırlar. Sonra oyatmaq da onları çətin olur. Necə ki, uşaqlıq vaxtı biz çox şey öyrənə bilərik, yaş artdıqca öyrənmək çətin olur. Uşaq vaxtı onları açmaq daha rahatdır. 

Bir adam həm musiqi alətində ifa edə bilirsə, həm çoxlu şeir əzbərləyə bilirsə, həm idmanla məşğul olursa, həm deyək ki, riyaziyyatı daha yaxşı bilirsə, daha çox məsələ həll edirsə… Bu xüsusiyyətlərə sahib olanların beyni daha gec qocalır, daha gənc qalırlar. Onların unutqanlığı daha gec başlayır. Baxmayaraq ki, əgər onların genetikaları xarici mühit təsirləri eynidir. 

Ola bilsin ki, baxanda beyinlərinə, yəni bir MRT-sinə baxanda, beynin quruluşuna baxanda ola bilsin ki, onların beyindəki dəyişməni eyni görərik, ya da pozulmanı eyni görərik. Amma klinik olaraq o, daha gec təsir edir. Çünki biz o “açmadığımız səhifələri açanda”, işlətmədiyimiz beyin sahələrini işlədəndə daha çox işlədən, daha çox məşq etdirəndə onlar işlək vəziyyətdə daha çox davam edir. 

Təxminən əzələmiz kimidir. Əgər biz ağır çəkini qaldırmaq istəyiriksə, gündəlik məşq eləməyimiz lazımdır. Gündə onu qram-qram artırmağımız lazımdır. Təxminən buna bənzər. 

Uzman Dr.Fuad Bəşirov, Psixiatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir