Kateqoriyalar
Endokrinologiya

Diabetlilər oruc tuta bilərmi?

“Diabet xəstələrinə oruc tutmağı tövsiyə edirikmi yoxsa yox?” sualına birmənalı cavab verə bilmirik. Çünki bu bir sıra faktorlardan asılıdır.

Ümumiyyətlə, oruc tutmağı planlayan və yaxud oruc tutan diabet xəstələrinin qarşılaşa biləcəyi problem və ya ağırlaşmalara görə risk qruplarına bölürük: çox yüksək risk qrupu, yüksək risk qrupu, orta risk qrupu və aşağı risk qrupu. 

Çox yüksək risk qrupunda və yüksək risk qrupuna daxil olan diabetli xəstələrin Ramazan ayında oruc tutmasını tövsiyə etmirik.

Bu risk qrupları nəyə görə dəyişir? İlk növbədə diabetli xəstənin istifadə etdiyi şəkərsalıcı dərmanlara görə dəyişir. 

Gündə bir neçə dəfə insulin istifadə edənlərin oruc tutmaları risklidir

Əgər bir diabetli xəstə insulin müalicəsindədirsə, xüsusilə intensiv insulin müalicəsindədirsə, yəni günə ən azı 3, 4, bəzən 5 dəfə insulin istifadə edirsə, bu xəstələrə oruc tutmağı tövsiyə etmirik. 

Bütün Tip 1 diabet xəstələr bu cür intensiv insulin müalicəsindədir, ona görə Tip 1 diabetlərə tövsiyə etmirik oruc tutmağı.

Gündə bir neçə dəfə insulin istifadə edən tip 2 diabetlərə də oruc tutmağı tövsiyə etmirik. 

Tip 2 diabetlərin bəzi qrupu “bazal insulin” dediyimiz, gündə bir dəfə insulin istifadə edirlər. O xəstələrə də, bəzi hallarda müalicədə bəzi dəyişikliklər etməklə oruc tutmağı icazə verilir.

Yaşlı diabetlilərin və diabet stajı çox olanların oruc tutması risklidir

İkinci faktor xəstənin yaşıdır. 

Xəstənin yaşı nə qədər yüksək olarsa, həmin diabetlinin oruc tutmağı bir o qədər risklidir.

İkinci – diabet stajı. Diabet stajı nə qədər çoxdursa, həmin xəstənin oruc tutması risklidir.

Yanaşı xəstəliyi olan diabetlilərin oruc tutmağı risklidir

Sonra yanaşı gedən xəstəliklər, xüsusilə də ürək-qan-damar sistemi, qaraciyər və böyrək xəstəlikləri də diabetlə yanaşı gedirsə, bu xəstələrin də oruc tutmağı riskli sayılır.

Və diabet ağırlaşmaları varsa, xüsusilə də böyrək ağırlaşmaları varsa, bu cür xəstələrin də oruc tutmağı tövsiyə olunmur.

Və ağırlaşmalardan sinir ağırlaşmalarının bir növü var – hansı ki, xəstə şəkər düşməsini hiss etmir, o xəstələrin də oruc tutmağı təhlükəli hesab olunur.

Oruc tutacaq diabetli öncə həkimi ilə məsləhətləşsin

Ümumiyyətlə bir diabetli xəstə oruc tutmağı planlayırsa mütləq öz həkiminə, həkim endokrinoloquna görünməlidir. Çünki Ramazan ayına uyğun orucluğa uyğun xüsusi yeni bir müalicə planı, yeni pəhriz və idman planı hazırlanır.

Bəs diabet xəstələrinə nə tövsiyə edərik? Oruc tutmaq istəyən diabet xəstələrinə nə tövsiyə edərik?

İlk növbədə şəkərlərini tez-tez yoxlamağı tövsiyə edərik. Şəkər yoxlamaq heç bir halda orucumuzu pozmaz. Tez-tez, sıx-sıx şəkəri yoxlamaq lazımdır.

İkinci – qidalanmağımıza mütləq fikir verməliyik. Qidalanmamıza nə qədər çox fikir verəriksə şəkərlərimiz bir o qədər normal və yaxud da normala yaxın olar.

Oruc tutan diabetlilər qidalanmalarına diqqət etməlidir

Ümumiyyətlə, sahur yeməyinə barmaqarası baxmamalıyıq. Mütləq diabetlilər sahur yeməyi etməlidir. Sahur yeməyində zülal ağırlıqlı və lif ağırlıqlı qidalardan, məsələn yumurta, çox yağlı olmayan və çox duzlu olmayan pendir, tərəvəzlər, zeytun, göyərti istifadə edə bilər. Süd içə bilərlər, çörək istifadə olunacaqsa, çovdar və yaxud da kəpəkli çörək olmuş olsun. 

İftar süfrəsində də yenə bol-bol salat, ət yeməkləri istifadə olunmalıdır. 

Mütləq sahur və iftar arasında bol-bol maye qəbul olunmalıdır. Amma bu qəbul olunacaq maye qətiyyən şirin içəcəklər olmamalıdır. Çay, su, ayran, hətta süd ola bilər, amma şirin içəcəklər olmamalıdır. 

Və iftarla sahur arasında gecə yarısı da bir ara yemək olmalıdır. Bu ara yemək gün ərzində qidalanmadığınız qidalarda, məsələn az miqdarda meyvə, az miqdarda meyvə qurusu, çərəz, süd, süd məhsulları şəklində ola bilər.

Bir də idmanla məşğul olan və aktiv fiziki işlə məşğul olan pasiyentlərin ac qaldığı dönəmdə idmanla məşğul olmaları və yaxud da fiziki aktiv işlə məşğul olmağı tövsiyə olunmur. 

Oruc tutan diabetlilərdə hansı ağırlaşmalar ola bilər?

Oruc tutan diabet xəstələrinin xüsusilə də çox yüksək və yüksək risk qrupuna daxil olan diabetlilər oruc tutarsa, hansı ağırlaşmalarla qarşılaşa bilər?

İlk növbədə “hipoqlisemiya” dediyimiz şəkər düşməsi ilə qarşılaşa bilər. Bu zaman halsızlıq, əzginlik, güclü acma hissi, əllərdə əsmə, soyuq tər basma kimi şikayətlər olar. Bu şikayətlər varsa və yaxud da şəkəriniz 70, xüsusilə də 60-dan aşağıdırsa mütləq orucunuzu pozmağımız lazımdır.

İkinci rast gələ biləcəyi problem şəkərin çox yüksəlməsidir – “hiperqlisemiya” dediyimiz durumdur. Bu zaman güclü susuzluq hissi, halsızlıq, yorğunluq halı, ağızda quruma, baş ağrısı şəklində özünü göstərə bilər. Bu şikayətləriniz varsa və yaxud da şəkəri 300-dən yuxarıdırsa yenə orucunuzu pozmağınız lazım olacaq. 

Və üçüncü, ən böyük, heç sevmədiyimiz “dehidratasiya” – bədənin susuzlaşma halıdır. Bədənin susuzlaşma halı özünü ağız və dodaqda kəskin quruma, həyəcanlılıq halı, əvvəlki günlərlə müqayisədə sidiyə az çıxma və yaxud da çıxmama, sidiyin rəngi tünd narıncı rəngdədirsə bu bədənin susuzlaşmasını göstərən əlamətlərdir və bu halda da orucu pozmaq lazımdır.

Dr.Gülay Məmmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir