Kateqoriyalar
Cərrahiyyə

Mastopatiya (artıq) xəstəlik deyil

Əvvəllər mastopatiyalar xəstəlik olaraq qəbul olunurdu. Müasir dövrdə müəyyən olunmuşdur ki, qadınların təqribən 50 faizində bu cür dəyişikliklər var.

Qadınlarda ən çox rast gəlinən patologiyalar süd vəzisinin köhnə adı ilə desək “mastopatiyaları”, yeni adı ilə desək, “fibrokistik dəyişiklikləri”dir.

Süd vəzisinin fibrokistik dəyişiklikləri hər yaş qrupunda görülə bilən bir anatomik variasiyadır. Əvvəllər bu xəstəlik olaraq qəbul olunurdu. Müasir dövrdə isə aparılan, xüsusən, kütləvi ultrasəs müayinələri nəticəsində müəyyən olunmuşdur ki, qadınların təqribən 50 faizində bu cür süd vəzisində dəyişikliklər var. Ona görə müasir dövrdə fibrokistik dəyişiklik xəstəlik olaraq yox, anatomik variasiya olaraq qəbul olunur.

Mastopatiyaların əlamətləri nələrdir?

Fibrokistik dəyişikliklər daha çox kliniki olaraq özünü süd vəzisində ağrılarla, yəni mastalgiyalarla göstərir və xəstələr daha çox süd vəzisində ağrı şikayətləri ilə həkimə müraciət edirlər. 

İkinci ən çox müraciət səbəbləri süd vəzlərində müxtəlif ölçüdə və müxtəlif sayda kütləsəl lezyonların əmələ gəlməsi şikayəti ilə, yəni düyünlərin əllənməsi şikayəti ilə müraciət edirlər.

Mastopatiyalar müalicə edilmir

Bu cür qadınları biz əvvəlcə fiziki müayinə edirik, daha sonra 40 yaşın altında ultrasəs müayinəsindən keçiririk, 40 yaşın üstündə isə ultrasəs müayinəsi ilə bərabər mammoqrafiya, yəni süd vəzisini rengen müayinəsindən keçiririk.

Əgər fibrokistik dəyişiklik olan sahələrdə, süd vəzlərində hər hansı bir patoloji bir görüntü yoxdursa, bu qadınları biz sadəcə təqib edirik. Fibrokistik dəyişiklik dediyim kimi, xəstəlik olmadığı üçün hansısa bir müalicə tədbiri görmürük. Süd vəzisində olan kistoz dəyişikliklər, kistalar hansısa dərman müalicəsi ilə yox olmurlar, hansısa xüsusi bir dərman müalicəsi ilə bunları yox etməyə çalışmırıq. Sadəcə kontrol altında saxlayırıq.

Mastopatiyalar təqib edilməlidir

Elmi tədqiqatlar göstərir ki, fibrokistik dəyişiklik olan qadınlarda süd vəzi xərçəngi riski digər, olmayanlara görə nisbətən daha yüksəkdir. Bunu qeyd etmək lazımdır ki, qadınlarda süd vəzisi xərçəngi üçün əsas risk faktoru ailədə birinci dərəcəli qohumlarda süd vəzi xərçənginin olmasıdır. Yəni anada, bacıda, xalalarda və s.

Süd vəzisindəki bu cür fibrokistik dəyişiklik ciddi süd vəzi xərçəngi riski daşımır və bunun üçün ciddi dərəcədə narahat olmağa dəyməz. Sadəcə 6 aydan bir olan kontrollar yetərlidir. 40 yaşın altında bu kontrollar əsnasında eyni zamanda ultrasəs müayinəsindən istifadə olunur. 40 yaşın üzərində ultrasəs müayinəsi ilə bərabər illik mammoqrafiya müayinələrindən istifadə olunur. Ciddi şübhəli vəziyyətdə olduqda süd vəzisinin maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən də istifadə olunur.

Fibrokistik dəyişikliyi olan qadınlardakı ağrı şikayəti üçün müxtəlif qrupdan ağrıkəsici dərman preparatlarından istifadə olunur. Fibrokistik dəyişiklik, köhnə adı ilə desək mastopatiya, dishormonal mastopatiya xəstəlik deyil, qadınlarda anatomik variasiyadır. Bunun üçün qorxmağa dəyməz. Amma mütləq kontrol müayinələrdən keçmək lazımdır.

Ümumiyətlə, hər bir qadın 20-40 yaş arasında 3 ildən bir, 40 yaşından sonra isə ildə 1 dəfə mammoloqun müayinəsindən keçməlidir. Tövsiyə olunur. Heç bir şikayətləri olmasa belə.

Uzman Dr. Niyazi Eminov, Ümumi cərrah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir