Kateqoriyalar
Endokrinologiya

Şəkərli diabet Tip 1 müalicəsində insulin istifadəsi

Şəkərli diabet tip 1 müalicəsində insulin müalicəsi əvəz olunmazdır. Çünki bu xəstələrdə insulin hormonu bədəndə çatmır və müalicə insulin hormonunu yerinə qoymaqla aparılır.

Bizim ölkəmizdə istifadə olunan insulin müalicəsi inyeksiya şəklində dəri altına istifadə olunan insulin müalicəsidir.

Düzdür, bəzi təcili hallarda, ağır hallarda həkimin nəzarəti altında insulin əzələdaxili və yaxud da venadaxili belə istifadə oluna bilir. Amma evdə pasiyentin istifadə etdiyi insulin müalicəsi yalnız dərialtı insulin müalicəsi şəklində gedir.

Normada mədəaltı vəzimiz günün 24 saatı insulin ifraz edir. Bu mütləqdir həyat fəaliyyətimizin davam etməsi üçün. 

Və hər dəfə qida qəbulundan sonra, xüsusi ilə də karbohidratlarla zəngin qida qəbul etdikdə mədəaltı vəzi daha çox insulin ifraz edir ki, yeyilən qidanın tərkibindəki şəkəri hüceyrə daxilinə ötürüb qanda qan şəkərlərini normallaşdırsın.

Bazal-Bolus insulin müalicəsi

Şəkərli diabet tip 1 xəstələrində ideal insulin müalicəsi Bazal-Bolus rejimində aparılan insulin müalicəsidir. Yəni sağlam insanın mədəaltı vəzinin iş rejiminə əsaslanan insulin müalicəsidir.

Bazal insulini

Bu halda xəstəyə, adətən, uzun təsiri olan, 20-24 saat təsiri olan insulin verilir. Bu insulin gündə 1 dəfə, bəzi hallarda 2 dəfə təyin oluna bilir. Və bu insulin gün ərzində bədəni insulinlə təmin edir. Bu Bazal insulini adlandırılır.

Bolus insulini

Və bolus insulini var. Bolus insulində gündə 3 dəfə əsas qida qəbullarından əvvəl dərialtına vurulur və 5-10 dəqiqədən sonra və yaxud da 30-40 dəqiqədən sonra qidalanır. Bu insulinin növünə görə dəyişir.

Bolus insulin müalicəsində məqsəd isə qida ilə qəbul olunan karbohidratı, şəkəri normallaşdırmaqdan ötrüdür.

İnsulin dozunu neçə tənzimləməli?

Şəkərli diabet 1 xəstələrinin ən çox verdiyi suallardan biri “İnsulin dozunu neçə tənzimləyim?”, “Şəkərim yüksəkdirsə əlavə nə qədər insulin vurum?” və yaxud da “Artıq qidalanmacağamsa, artıq karbohidrat qəbul edəcəyəmsə, insulini nə qədər artıq vurum?”

Bunun əslində bir az riyaziyyat bölümü vardır. Yəni düsturlara və formullara əsaslanır. 

Bunu bilməkdən ötrü 2 ən önəmli anlayış var insulin dozunun hesablanmasında, insulin müalicəsində.

Karbohidrat insulin nisbəti

Birinci anlayış karbohidrat insulin nisbətidir. Karbohidrat insulin nisbəti necə hesablanır?

500 bölünür bir pasiyentin gündəlik istifadə etdiyi cəmi insulin dozuna.

Karbohidrat insulin nisbəti bizə nə verir?

Karbohidrat insulin nisbəti 1 vahid insulinin necə qram karbohidratı normallaşdırmağını göstərən bir rəqəmdir. 

İnsulin həssaslıq faktoru

İkinci ən vacib nüanslardan biri insulin həssaslıq faktorunu və onu hesablamağı bilməyimizdir.

İnsulin həssaslıq faktoru 1 vahid insulinin qan şəkərimizi nə qədər düşürdüyünü göstərən bir əmsaldır. 

İnsulin həssaslıq faktoru 2 yolla hesablana bilir: 1800 və 1500 qaydası ilə.

Əgər siz ultra qısa təsirli insulin istifadə edirsinizsə, məsələn, Azərbaycanda istifadə olunan NovoRapid, Humaloq və yaxud da Apidra kimi insulinlər istifadə edirsinizsə, o zaman 1800 qaydasından istifadə edəcəksiniz.

Əgər qısa təsirli insulinlər, yəni requlyar insulindən istifadə edirsinizsə, bu Azərbaycanda Actrapid, Humulin Requlyar adları ilədir, əgər bu insulinlərdən istifadə edirsinizsə, o zaman 1500 qaydasından istifadə edəcəyik.

1800-ü bölürük total insulin dozuna, yəni sutkalıq istifadə etdiyimiz insulin dozuna, onunla insulin həssaslıq faktorunu tapırıq. 

Və yaxud da 1500-ü bölürük gündəlik istifadə olunan insulin dozuna və bununla da biz insulin həssaslıq faktorunu tapmış oluruq.

İnsulin hesablanması

İndi bunu nümunələrlə izah etməyə çalışacağam və nümunələrlə izah etməyə çalışanda hesablamağı bilmiş olacağıq və bunların bizim üçün nə qədər əhəmiyyətli olduğunu və nəyə görə əhəmiyyətli olduğunu bilmiş olacayıq.

Pasiyent üzərində bir nümunə olaraq göstərməyə çalışaq: Nərminə adında bir pasiyent, 28 yaşında.

Nərminə NovoRapid və Levemir insulinlərini istifadə edir. 

Səhər 8 vahid, adətən, günorta 5 vahid və axşam 7 vahid, qidalardan öncə insulin istifadə edir.  

Gündə 1 dəfə də 15 vahid insulin “Levemir” istifadə edib. 

Nərminə üçün total insulin dozası, yəni sutkalıq insulin dozası 35 təsir vahididir.

Hal-hazırda Nərminə günorta yeməkdən əvvəl şəkərini ölçüb. Şəkəri 250 mq/dl-dir və Nərminə 60 qram karbohidrat istifadə etməyi düşünür.

60 qram karbohidrat nədir?

Tutaq ki, 25 qramlıq bir dilim çörək 15 qram karbohidratdır, 3 xörək qaşığı düyü 15 qram karbohidratdır, 1 stəkan qatıq 15 qram karbohidratdır. Ət, yumurta, pendir, kəsmik üçün karbohidrat, ümumiyyətlə, hesablanmır. Onlarda karbohidrat 0-dır.

Tutaq ki Nərminə günortaya: 6 xörək qaşığı düyü, 1 dilim çörək, 1 stəkan qatıq istifadə etməyi düşünür. Bunlar total bir yerdə 60 qram edir. Və Nərminə yanında ətini də, pomidor, xiyar, göyərtisini də istifadə edəcək, bunlar üçünsə karbohidrat qramı sayılmır.

Hər bir qidanın içində nə qədər karbohidrat olduğunu İnternet səhifələrindən və yaxud da həkiminizin sizə verdiyi siyahıdan baxa bilərsiniz.

Konkret hazır qidalardan söhbət gedirsə, məsələn, hər hansı bir krakerlərdən söhbət gedirsə, o zaman isə onun inqredientlərinə baxsanız, həmin qida 100 qramında nə qədər karbohidrat təşkil etdiyini görə bilərsiniz.

Nərminənin hal-hazırda şəkəri 250-dir, yüksəkdir və 60 qram karbohidrat yeməyi düşünür. Nərminə nə qədər NovoRapid istifadə etməlidir ki, həm yiyəcəyi 60 qram karbohidratdakı şəkəri neytrallaşdırmış olsun, həmçinin 250 şəkərini düşürmüş olsun.

Nərminə üçün 1 vahid NovoRapid necə qram karbohidratı neytrallaşdıra bilər, onu hesablayacağıq. Karbohidrat insulin nisbətini…

Deməli, 500-ü böləcəyik total insulin dozasına və Nərminə üçün total insulin dozası 35-dir. Və bunun alınacağı təxmini rəqəm 15-dir. Yəni Nərminə üçün 1 vahid NovoRapid, 15 qram karbohidratı neytrallaşdırır.

Və 60-ı 15-ə bölmüş olsaq, alacağımız rəqəm 4-dür. Yəni Nərminə yeyəcəyi 60 qram karbohidratı neytrallaşdırmaq üçün 4 vahid NovoRapid istifadə etməlidir.

Amma digər tərəfdən də Nərminənin hal-hazırdakı şəkəri yüksəkdir, 250-dir və 250 şəkəri düşürmək üçün əlavə nə qədər insulin istifadə etməlidir?

Bunun üçün insulin həssaslıq faktorunu hesablayırıq. Nərminə üçün insulin həssaslıq faktorunu 1800 qaydası ilə hesablayacağıq. Çünki Nərminə ultra qısa təsirli NovoRapid alır.

Onun üçün 1800-ü böləcəyik 35-ə və 45 rəqəmi alınacaq. Nərminə üçün insulin həssaslıq faktoru 45-dir və bu onu göstərir ki, Nərminənin əlavə vuracağı 1 vahid NovoRapid onun şəkərini 45 mq/dl azaldacaq.

Bizim hal-hazırda Nərminənin şəkəri 250-dir. Məqsədimiz, məsələn, Nərminənin şəkərini 110-a düşürməkdir. Yəni 250-dən 110 çıxsaq, 140 edir. Yenə hal-hazırda Nərminənin şəkərini 140 mq/dl düşürməliyik. Bunu necə hesablayacayıq?

Əgər 1 vahid NovoRapid Nərminənin şəkərini 45 mq/dl düşürdə bilirsə, 140 mq/dl-də nə qədər düşürmüş olacaq?

Və burada da təxmini alınacaq cavab 3 olacaq. Yəni Nərminə 250 şəkəri 110-a düşürmək üçün əlavə olaraq 3 vahid NovoRapid vurmuş olacaq. 

Yəni hal-hazırda Nərminə günorta yeməyindən əvvəl 7 vahid insulin istifadə etməlidir ki, həm yeyəcəyi 60 qram karbohidratı neytrallaşdırmış olsun, həmçinin 250 şəkərini 110-a düşürmüş olsun.

Bu qaydalar təxmini qaydalardır, yəni zamanla dəyişə bilir bu qaydalar: xəstənin çəkisindən asılı olaraq, yaşından asılı olaraq, bəzi individual xüsusiyyətlərindən asılı olaraq. 

Yəni bu ümumi dünyanın qəbul etdiyi, beynəlxalq diabet təşkilatının qəbul etdiyi qaydalardır. Amma istənilən halda şəkər dozasının hesablanmasında, tənzimlənməsində mütləq bir həkiminizdən də məsləhət alın.

Dr.Gülay Məmmədova, Endokrinoloq

2 replies on “Şəkərli diabet Tip 1 müalicəsində insulin istifadəsi”

salam .men 1 ildi insulin istifade edirem novoropid 6-6-6 bide lontus 16 vh .ve mene insulin teyin olunandan stabil bu vezyetde vurdmusam yoxlanisa gedmemisem arada ozum olcmusem.men naraziciliq onandiki men evvelde cox ariqladim ve cekimden cox naraziya isterim cekimi artirim cunku evlilik erefesimdeyem .cekim evvel insuline kecenden cox cuzi artib isterdim bu barede meslehetinizi veresiz.bide sekercun xüsusi sistemler var men helede qosdurmamisam sizce qosdura bileremmi .ele basa dusurem 2 ilden cox bu xestelik var mende men nece cekimi artirim yeni artiq vurmaqdan cekinirem ehtiyacdisa men karbohidratlari hesabliyib artiq vura bileremmi?tesekkur edirem onceden bir momre buraxsaz sevireme elaqe saxlayib meslehet almaqcun men 30 yasindayam

Salam.
1. Bəli, insulin dozası qəbul olunacaq karbohidrat qramına görə hesabalanır.
2. Diabet müalicəsində sistemlərin rolu yoxdur.
3. İnsulin dozalarının tənzimlənməsi üçün endorkinoloq müayinəsində olmağınızı tövsiyyə edərdim.
Dr. Gülay Məmmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir