Kateqoriyalar
Oftalmologiya

Hipermetropiya, Miopiya və Astiqmatizm

Gözü bir optik mühit kimi təsəvvür eləsək, hər bir gözün özünəməxsus sındırma qüvvəsi var və bu sındırma qüvvəsi elə hesablanır ki, gözümüzə düşən işıq şüaları tor qişada toplansınlar və onda bizdə aydın görmək əmələ gəlir.

Bəzən olur ki, ya gözün ölçülərindən asılı olaraq, ya bu sındırma qüvvəsinin artıq və yaxud da əksik olmasından asılı olaraq sındırma gözdə düzgün baş vermir və düşən şüa gözün ya tor qişanın, ya önündə, ya arxasında toplanır. Bu vaxt da refraksiyon qüsurları formalaşır. 

Refraksiyon qüsurlar 3 növ olur: Hipermetropiya, Miopiya, bir də Astiqmatizm.

Hipermetropiya uzaq görmənin bir qədər yaxşı, yaxın görmənin pis olmasıdır. Miopiya isə uzaq görmənin pis olmasıdır. Miopiyanın aşağı növlərində yaxın görmə nisbətən saxlanılır. Lakin miopiya artarsa, artıq həm yaxın görmə, həm uzaq görmə pozulur. Astiqmatizm isə həm yaxın görmənin, həm uzaq görmənin pis olmasıdır. 

Refraktiv qüsurların müalicəsi

Bu hər 3 halda insanlar görmədən şikayətlə müraciət edirlər və bu halda ilk növbədə müayinədən sonra xəstələrə eynək təyin olunur.

Bəzən olur ki, bunu eynək deyil, linza ilə də əvəz etmək olar. Linzaların da bir neçə formaları vardır. Bundan əlavə bir cür başqa bir forma linzalar vardır ki, bunlara “ortokeratoloji linzalar” deyilir, ortokeratoloji linzalar yalnız axşamlar taxılan linzalardır. Bu linzaları axşam xəstə gözünə yatanda taxır, linza ilə yatır və səhər oyananda linzanı çıxarır və bütün günü eynəksiz normal görmə olur belə insanlarda.

Başqa bir müalicə metodu isə “eksimer lazer” deyilən cərrahi metoddur. Bu cərrahi metod 18 yaşından sonra icra olunur və xəstə eynəksiz yaxşı görməyə qovuşur.

Miopiya daha sıx rast gəldiyimiz bir problemdir. Bunun əsasında bir sıra səbəblər var. Əsas səbəb kimi uşaqların, xüsusilə də, gözünü yaxına çox işlətməsidir. Belə ki, indi texnologiya əsridir. Telefonlar, planşetlər uşaqların həyatına çox tez daxil olur. Demək olar ki, 1 yaşından artıq uşaqlar telefonlara baxmağa başlayırlar. Bu da öz növbəsində gözün yaxına çox işləməsinə, uzağa demək olar ki, baxmamasına, gözün ölçülərinin sürətli artmasına səbəb olur.

Uşaqlar müsbət gözlə dünyaya gəlir

Əslində uşaqlar dünyaya gələndə müsbət gözlə gəlirlər, yəni ölçülər müsbət olur. Bu gözün ölçüsünün balaca olması ilə əlaqədardır. 10 yaşına kimi gözün ölçüləri formalaşır, uşaqların görməsi formalaşır.

Əvvəllər Miopiya 10 yaşından sonra formalaşardı. Yəni haradasa uşaq 4-cü, 5-ci sinifdə oxuyanda görmə şikayəti ilə müraciət edərdi. Amma indi demək olar ki, 1-ci sinif uşaqları məktəbə gedərkən artıq lövhəni, yəni pis gördüklərindən şikayət edirlər. Bu, faiz olaraq çox artıb hal-hazırda. Uzaqdan görməsi pis olan uşaqlar müayinə olunan zaman ölçülər aşkarlanır və ona uyğun eynək təyin olunur.

Eynəkdən əlavə biz 15 yaşından sonra linzalar da təyin edə bilərik. 

18 yaşından sonra əgər gözün ölçülərinin artması dayanarsa, eksimer lazer əməliyyatı vasitəsilə ümumiyyətlə ölçüləri sıfırlaya bilərik.

Vaxtında eynək taxmaq vacibdir

Amma 18 yaşına kimi, ümumiyyətlə, uşaq yaşından zəif görmə varsa, eynək taxmağın əhəmiyyəti böyükdür. Çünki uşaq eynək taxdıqca onun görməsi formalaşır, beyində formalaşır. Yəni ola bilər ki, zəif görür, məsəl üçün, uşaq deyirlər ki: “18 yaşını gözləyək. Ümumiyyətlə, eynək taxmasın. 18 yaşından sonra əməliyyat edərik və bununla da bitər.” Amma o elə olmur. 

Vaxtında eynək taxılmadıqda görmə 100 faizə qədər inkişaf eləmir. Yəni “tənbəl göz” kimi qalır və 18 yaşından sonra əməliyyat olunsa belə, yenə də bu əməliyyata qədər nə qədər görürdüsə, həmin insan o əməliyyatdan sonra da bu cür görür. Yəni eynəklə gördüyündən daha artıq görə bilmir. Görməni formalaşdırmaq üçün vaxtında eynək taxılmalıdır.

Dr. Gülxanım Məmmədova, Oftalmoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.