Qlaukoma çox hiyləgər xəstəlikdir. Hətta “gizli düşmən” deyirlər.
Birinci növbədə tərifini qeyd edim: Qlaukoma – yüksək gözdaxili təzyiqlə müşahidə olunan, xroniki proqressivləşən bir xəstəlikdir. Düzgün müalicə olunmayan zaman xəstənin görməsini itirməyə səbəb olan bir xəstəliklərdən biridir.
Statistik göstəricilərə müraciət etsək, dünyada təxmini 73-74 milyon qlaukoma ilə tutulan xəstələr var. Onlardan 7 milyona yaxın şəxslər 2 gözündən görməsini itirib kor olubdur. Bu demək olar ki, korluğa səbəb olan xəstəliklərdən birinci yeri tutur və əlilliyə gətirib çıxarır.

Kimlər qlaukomaya tutula bilər?
Qlaukomanın bir neçə risk faktorları var:
- yaşın 40-dan yuxarı olması (Ona görə bütün 40 yaşdan yuxarı olan şəxslərə məsləhət görülür heç olmasa ildə bir dəfə gözdaxili təzyiq ölçülsün.)
- irsi meyillilik. (Ailədə hər hansı valideyndə və yaxud hər hansı qohumda varsa, bu nəsillərlə keçə bilər.)
- miopiya,
- şəkərli diabet,
- orqanizmdə olan hemodinamik dinamik pozğunluqlar,
- ümumi arterial təzyiqin yüksəlməsi
bunlar hamısı qlaukomaya səbəb ola bilər.
Qlaukomanın əlamətləri nələrdir?
Qlaukomanın əlamətləri çox vaxt özünü büruzə vermir.
İstisna qapalı bucaqlı qlaukomadır. Mən bu klassifikatsiya haqqında deyəcəm bir neçə söz. Çox vaxt xəstələr görmənin dumanlanmasından, görmə önündə uçuşan ləkələrdən, işıq mənbəyinə baxdıqda göyqurşağına oxşar halqalardan şikayət edirlər. Ümumilikdə gözdə gərginlik, yorğunluq, yüngül dərəcədə ağrı qeyd edirlər.
Həkimə müraciət etmə səbəbi ya gecə vaxtları, ya axşam vaxtları görmənin xeyli zəifləməsi, yəni axşam alaqaranlıqda özlərini idarə edə bilmirlər və yaxud da görmənin kəskin azalması səbəb olur.
Qlaukomanın diaqnozu necə qoyulur?
Onu demək istəyirəm ki, qlaukoma diaqnozu qoymaq üçün tək gözdaxili təzyiq ölçmək yetərli deyil. Bunun üçün lazımdır göz daxili təzyiq – “tonometriya” ilə bərabər göz dibinə baxmaq, görmə sinirini mütləq analizatordan keçirmək, sonra görmə kəskinliyi yoxlamaq, bir də gözün ön kameranın bucağını yoxlamaq – “qonioskopiya” adlanan bir müayinə.
Bütün bu müayinələri topladıqdan sonra onların nəticəsinə əsasən qlaukoma diaqnozu qoyula bilər. Çünki bir çox xəstəliklər gözdaxili təzyiqin yüksəlməsi ilə müşahidə olunur keçir, amma “qara su” xəstəliyinə gətirib çıxarmır, qlaukoma xəstəliyinə… Yəni görmə sinirini atrofiyaya uğratmır.
Bir də onu qeyd eləmək istəyirəm çox vacib bir müayinə üsulu perimetriya – görmə sahəsinin yoxlanması… Görmə sahəsi elə bir müayinədir ki, xüsusi aparatda aparılır – kompüter perimetr vasitəsilə. Bir neçə mərhələdən sonra dəyişikliklər başlayır. Yəni görmə sayının daralması xəstəliyinin başlanğıcında özünü büruzə vermir, irəliləyən, yəni inkişaf etmiş mərhələlərdə özünü bildirir.
Qlaukomanın növləri nələrdir?
Qlaukoma birincili və ikincili olur.
- Birincili – yəni ilk göz xəstəliyi kimi başlayır.
- İkincili – hansısa bir xəstəliyin ya nəticəsi, ya ağırlaşması şəklində olur.
Bir neçə mərhələsi olur.
- başlanğıc,
- inkişaf eləmiş
- ifrat dərəcədə inkişaf etmiş və
- terminal
qlaukoma olur.
Qlaukoma açıq bucaqlı və qapalı bucaqlı olur. Yəni bu ön kameranın bucağının vəziyyətinə bağlı bir klassifikasiya aparılır.
Və yaşa bağlı klassifikasiya aparılır. Yəni
- anadangəlmə – infantil,
- yuvenil, yəni orta yaşlarda və
- qocalıq dövründə
yaranan qlaukoma.
Qlaukoma müalicə olunmazsa, korluğa səbəb ola bilər
Qlaukoma xəstəliyin müalicəsində müntəzəm müalicə, yeni kəsilməyən bir müalicə çox vacibdir. Bu xroniki bir xəstəlikdir, proqressivləşən xəstəlikdir və belə xəstəliklər müntəzəm müalicənin aparılmasını tələb edir.
Xəstə müalicə edirsə, görmə sahəsini, görmə sinirini, görmə funksiyalarını qoruya bilir və həyat keyfiyyətini artırmaqla bərabər keyfiyyətli davam etdirə bilir.
Xəstə müntəzəm müalicə olunmursa, xroniki xəstəlik proqressivləşir və tədricən görmə azaldaraq, yəni xəstə görməsi itirərək kor olur.
Müalicə bir neçə üsulla aparılır:
- medikamentoz
- lazerlə
- cərrahiyyə ilə.
Qlaukomanın dərmanla müalicəsi
İlk növbədə, əlbəttə ki, medikamentoz, yəni dərman vasitəsilə müalicə başlanılır. Orada bir neçə molekullar istifadə olunur. Mən dərmanların adlarını sadalamaq istəmirəm, ticari adda olan dərmanlar çoxdur.
Bir tək onu qeyd etmək istəyirəm ki, gözdaxili təzyiq daimi gözdə ifraz olunur və müalicə də buna əsaslanır. Bu ya artıq dərəcədə ifraz olunan göz daxili mayenin azaldılmasına yönəlir və yaxud göz daxili maye xaric edilən yollarının rahatlaşdırılması yolu ilə aparılır. Dərman seçimi buna bağlıdır.
Qlaukomanın lazerlə və cərrahi əməliyyatla müalicəsi
Medikamentoz müalicə bir effekt vermirsə, ya lazer müalicəyə əl atılır və yaxud cərrahiyyə yolu ilə gözdaxili təzyiq düşürülür.
Bunlar hamısı onun üçün aparılır ki, gözdaxili təzyiq qalxmasın, görmə sinir öz funksiyasını itirməsin, atrofiyaya uğramasın və xəstə görməsini itirməsin.
Həyat tərzinin qlaukomaya təsiri
Bir neçə söz xəstənin həyat tərzindən qeyd etmək istəyirəm.
Onu demək istədim ki, xəstələr həyat boyunca siqaret və yaxud yüksək də dozalarda alkoqol işlətməməsi məsləhətdir.
Düzgün qidalanmalıdır.
İş yerini, iş rejimini elə qurmalıdır ki, göz çox yorulmasın, orqanizmi çox yorulmasın.
Bir də stresdən qorunmalıdır ki, bunlar hamısı bu xəstəliyin get-gedə artmasın, proqressivləşməsinə gətirib çıxartmasın.
Op. Dr. Fəxriyyə Yusifzadə, Oftalmoloq cərrah
11 replies on ““Göz təzyiqi” zamanı nə etməli?”
Ev şəraitində müalicə üçün nə lazımdır mənim gözüm durmadan atır bu da məndə əsəb gərginliyi yaradır. Təşəkkürlər öncədən
Salam. Bu gözün atması deyil, qapaqların atmasıdır, nevroloji əlamətdir. Müalicə üçün nevroloqa müraciət etməlisiniz.
Dr. Fəxriyyə Yusifzadə, Cərrah Oftalmoloq
Salam mənim gozumun ust hissəsi kəsgin agriyir bunun ucun ev səraitində nə etməliyəm və səbəbi nə ola bilər?
Salam. Ağrı gözdə nadirən olur, çox vaxt göz daxili təzyiq qalxanda və ya iltihab olanda olur, digər göz ağrısı səbəbləri nevroloji olur. Göz müayinəsindən keçməyi məsləhət görürəm, ev şəraitində öz başına müalicə almaq təhlükəlidir.
Dr. Fəxriyyə Yusifzadə, Cərrah Oftalmoloq
Salam necəsiz? Mənim gözlərim anidən qızarır qıpqırmızı olur və açıb yumanda pis ağrımağa başlayır. Səbəb nə ola bilər?
Salam. Səbəb göz quruluğundadır, süni göz yaşı damcıları tökmək lazımdır.
Dr. Fəxriyyə Yusifzadə, Cərrah Oftalmoloq
Saatlarca davam edir ağrı, yandırma, eyni zamanda da gözümün suyu axır
Gözlərim hamamda saçımı yuyudukdan sonra gözlərimə kölgə gəlir bir gün sürür səbəbi göz davleniyasi ola bilərmi Doktor
Salam, göz təzyiqinin oynaması da ola bilər, nevroloji səbəbdən də ola bilər (beyindəki görmə trakti ilə bağlı ola bilər).
Dr.Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah
Salam. Aniden gözüm bulaniqlasir ,harasa baxdiqda halqavari lekeler görurem ve 15-20 deyqe sonra bu hal azalır ve keskin baş ağrısı ve urekbulanma baslayir..bu hal 7-8 aydan bir tekrarlanır esasen isti aylarda baş verir.bunun sebebi ne ola biler?
Salam. Səbəb ya ani göz təzyiqin artması və buna bağlı simptomların yaranması ola bilər, ya da arabir qlaukomosiklitik kriz keçirirsiz. Bunu ayırd etmək üçün gərək göz müayinəsindən keçəsiniz, tutma zamanı yoxlansanız daha yaxşıdır.
Dr.Fəxriyyə Yusifzadə, Oftalmoloq Cərrah