Kateqoriyalar
Pediatriya

Fəsadsız dərman yoxdur

Bilinməlidir ki, bütün dərmanların istisnasız olaraq, hətta bitki tərkibli olanların belə, çox sayda fəsadları var.

Valideynləriniz belə düşünürlər ki, dərmanların fəsadları yoxdur. Və yaxud da fəsad olursa, o zaman dərmanda bir problem var və yaxud da o dərmanı təyin edən həkimdə bir problem var. Amma bilinməlidir ki, bütün dərmanlarda, istisnasız olaraq hamısında müəyyən bir fəsad payı mövcuddur.

Təbii ki, bunu biz bildiyimiz üçün, həkimlər olaraq imkan daxilində çalışırıq ki və çalışmalıyıq ki, pasiyentlərimizə az sayıda dərman yazaq.

Qayda bundan ibarətdir ki, əgər biz bir pasiyenti, xəstəmizi bir dərmanla müalicə edə biliriksə, ona ikinci və üçüncü dərmanı təyin etməyək. Və yaxud da ki, yüngül bir dərmanla müalicə edə biliriksə, daha ağırını təyin etməyək.

Misal üçün, bir xəstəmizdə tutaq ki, qulaq infeksiyası mövcuddur. Onu biz siropla, antibiotik siropla müalicə edə biliriksə, ona ağır dərmanların, iynələrin yazılması doğru deyil.

Təbii ki, bir pasiyentə on dənə dərman yazılarsa, bir şəkildə bu xəstə hardasa sağalacağdır. Amma tibbi olaraq, həm də vicdani olaraq bu yanaşma doğru deyildir.

Valideyinlər dərmanların hər birinin fəsədının olmadığını düşünürlər və yaxud da fikirləşirlər ki yaxşı dərmanın fəsadı yoxdur. Amma bizlər, həkim olaraq bilirik ki bu dərmanların indi və bəzilərinin hətta gələcəkdə fəsadları ola bilir. Ona görə, yenə təkrar edirəm ki, həkimin birinci dərəcəli vəzifəsi ondan ibarətdir ki öz pasiyentlərinə imkan daxilində az dərman yazsın və yazmaq məcburiyyətində qaldığı zaman da ən yüngüllündən başlasın.

Digər bir səhv düşüncə də ondan ibarətdir ki, bitki tərkibli dərmanlarımızın fəsadları yoxdur. Təssüflər olsun ki, bu, belə deyil. Kaşki belə olsaydı…

Bitki tərkibli dərmanların da körpələrimizə ciddi fəsadları ola bilər.

Bir misal vermək istəyirəm. Bilirik ki, hətta xərçəng xəstəliyində istifadə olunan, xərçəng hüceyrələri öldürmək üçün istifadə olunan dərmanların bəziləri bitki tərkiblidir, bitki mənşəlidir. Yəni bu dərmanlar, bitki tərkibli dərmanlar o qədər güclüdür ki, bunlar xərçəng hüceyrələrini öldürmək üçün istifadə olunur. Bu sadə bir misal idi. Yəni burdan çıxaraq onu izah eləmək istəyirəm ki, bitki dediyimiz zaman məsum, heç bir zərəri olmayan bir şeylər ağla gəlməsin.

Ona görə də hətta bitki tərkibli dərmanları belə, həkim imkan daxilində yazmamalı və məcbur qalarsa, az miqdarda yazmalıdır.

Təbii ki, mən bitki tərkibli dərmanların və yaxud da təbii vasitələrin əleyhinə deyiləm. Bunlardan da böyüklərdə illərlə istifadə etdiyimiz müəyyən bitkilər var ki, onları biz soyuqlamada və yaxud da müəyyən xəstəliklərdə istifadə edirik. Əsla niyyətimiz bu deyil. Sadəcə olaraq bu bitkilərin də məsum bir vasitə olmadığını sizin diqqətinizə çatdırmaq istəyirəm.

Xüsusən də onu vurğulamaq istəyirəm ki, mümkündür ki, bu bitkilər, müəyyən bitkilər, böyüklərdə, bizlərdə müəyyən faydaları var. Amma bu bitkilərin, hətta illərin sınağından keçmiş bu bitkilərin, körpələrdə, uşaqlarda təsir mexanizmi, faydalı olub olmadığı bəlli deyil. Bunla əlaqədar araşdırmalarımız mövcud deyil.

Hansı yaşda verək? Nə qədər verək? Hansı müddətdə verək? Biz bunları bilmirik. Ona görə də bilmədiyimiz üçün, yenə deyirəm, bitki tərkibli dərmanları bu digər səbəbdən dolayı da körpələrimizə çalışırıq ki, yazmayaq. Hətta aşağı qruplarda heç yazmamağa çalışırıq.

Bir növ ölkəmizdə belə bir düşüncə var ki, “Yaxşı həkim odur ki, çoxlu dərman yazsın”. Amma xatırlayıram ki, Xaricdə təhsil dönəmimizdə bizə ilk öyrədilən qanun bundan ibarət oldu ki, “Sənin birinci vəzifən ondan ibarətdir ki, xəstəyə zərər vermə”.

Xəstəyə zərər verməmək üçün də ilk növbədə sən dediyim kimi, imkan daxilində öz pasiyentinə çalış dərman yazma, əgər yazmaq məcburiyyətində qalsan, ən yüngülündən yaz.

Təbii ki, bu demək deyil ki, valideynlər başa düşməsin ki biz dərman yazmırıq, hər şeyi dərmansız müalicə edirik. Belə deyil, təbii ki. Lazım olduğu zaman biz də dərmanlar yazırıq, lazım olanda çox ağır dərmanlar da istifadə edirik. Təbii ki, burada artıq o dərmanın zərəri və faydasını bir tərəziyə qoyub, xəstənin həyatını düşünüb, ona görə qərar veririk.

İnsan bədəni o cürdür ki, bəzi şikayətlər, bəzi xəstəliklər, məxsusən körpə və uşaqlarda, öz özünə düzələ bilir.

Virusları misal gətirmək istəyirəm. Virus infeksiyaları əksər hallarda, təbii ki, mütləq deyil, əksər hallarda, zamanla öz-özünə keçib gedir.

Və yaxud da ki, körpələrdə qaz problemləri olur, bəzi səpkilər və sairə ola bilir ki, tibbi olaraq bu durumlara biz, adətən, dərman yazmırıq. Xarici ölkələrdə, protokollar… Dərman təyin etməsi doğru deyil və bu şikayətlər zamanla keçib gedir.

Bəzən valideynlərimiz biraz narazı qalırlar ki, “Bu uşağın köpü var, ağlaması var, siz də dərman təyin etmirsiniz.” 

Amma yenə deyirəm, əziz valideyinlər, dərmanlar məcbur qaldığımız zaman ancaq təyin olunmalıdır. Ona görə çalışın ki, siz də həkimə, dərman yazmaq üçün təzyiq etməyəsiniz.

Zatən dəyərli məsləkdaşlarım da uyğun bilmədikləri yerdə yersiz dərman yazmazlar.

Uzm. Dr. Altay Abdullaoğlu, Pediatr neonatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir