Kateqoriyalar
Uşaq urologiyası

Uşaqlarda sidik yolları infeksiyaları

Sidik yolu infeksiyası yeni doğulan oğlan uşaqlarında daha çox görülür. Amma alt bezindən ayrılanda isə, qızlarda daha çox görülməkdədir.

Uşaqlarda sidik yolu infeksiyası sıx qarşılaşdığımız bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlik ola bilir. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunların araşdırılması vacibdir.

Yeni doğulan oğlan uşaqlarında, sünnətsiz doğulan uşaqlarda sidik yolu infeksiyasının görülmə ehtimalı bir qədər yüksəkdir. 

Amma yaş artdıqca alt bezdən ayrılan uşaqlarda, qızlarda daha çox görülməkdədir. Bunun səbəbi qız uşaqlarında sidik kanalının daha qısa olmasıdır.

Sidik yolu infeksiyasının səbəbi olan bakteriyalar daha çox bağırsaqda yerləşir, floramızda olur və bu bakteriyalar sidik kanalı vasitəsilə sidik kisəsinə daxil ola bilir və sidik yolları infeksiyasına səbəb olur.

Qəbizlik sidik yolları infeksiyalarına səbəb olur

Bilirik ki, sidik yolu infeksiyasına səbəb olan ən böyük amillərdən biri uşaqlarda qəbizlikdir. Bu, çox gözdən qaçırılır. Uşaqda ciddi qəbizlik olur, buna əhəmiyyət verilmir və bu da təkrarlanan sidik yolu infeksiyasına səbəb ola bilir.

İfrat təmizlik sidik yolları infeksiyalarına səbəb olur

İkinci bir səbəb düzgün gigiyenik qaydalara əməl edilməməsidir. Bəzi valideynlər uşaqlarda genital bölgəsini gündəlik olaraq lazımından daha çox təmizliyə riayət edirlər, yəni müxtəlif məhlullardan, müxtəlif sabunlardan istifadə edərək gündəlik çox təmizlik görürlər. Bu da oradakı toxumaların həssaslığını artırır, oradakı qoruyucu bariyeri pozur və beləcə, sidik yolu infeksiyası ehtimalı bir qədər artır.

Vaxtında sidiyə getməmək sidik yolu infeksiyalarına səbəb olur

Və üçüncü vacib səbəblərdən bir dənəsi uşaqlarda sidiyin ertələnməsidir, yəni tutma vərdişləridir. Uşaqlar tualetə getməyi çox sevməzlər və uşaq sidiyi saxladıqca bu, sidik yolu infeksiyası ehtimalını artırır. 

Tutma vərdişləri qəbizliyi də artırır. Beləcə, bu döngü, bu aşılmayan bir döngü “sidik yolu infeksiyası – qəbizlik” olaraq davam edir.

Ona görə əgər uşaqlarda qəbizlik varsa, mütləq diqqət edilməlidir. İstər qidalarına, istər rejimli tualetə getmələrinə, bunlara riayət edərək sidik yolu infeksiyası ehtimalını azaldılır.

Uşaqlarda sidik yolu infeksiyaları müalicə edilməzsə?

Sidik yolu infeksiyası niyə vacibdir?

Çünki sidik yolu infeksiyasına, əgər böyrəklər də daxil olarsa, buna pielonefrit deyirik, bu halda hər keçirilən qızdırmalı, yüksək hərarətli sidik yolu infeksiyasından sonra böyrəklərdə çapıqlar, yaralar, qalıcı yaralar əmələ gəlir. Bilirik ki, böyrək özünü bərpa edən bir orqan deyil, qaraciyərdən fərqli olaraq. Ona görə oradakı yaralar gələcəkdə problemlərə səbəb ola bilir. Ona görə biz usaqlarda, xüsusilə, yüksək hərarətli sidik yolu infeksiyası varsa və bu təkrarlanırsa, mütləq araşdırırıq və buna səbəb olan bir xəstəlik varsa, onu müalicə etməyi məsləhət görürük.

Uşaqlarda sidik yolu infeksiyalarının əlamətləri

Uşaqlarda əlamətlər fərqli ola bilir. Yeni doğulan uşaqdırsa, özünü ifadə edə bilməyən, daha alt bezindən ayrılmamış bir uşaqdırsa, sidik yolu infeksiyasını necə aşkar edə bilərik? Valideynlər necə anlaya bilər ki, uşaqda sidik yolu infeksiyası var? 

Körpə uşaqlarda sidik yolu infeksiyalarının əlamətləri

Əgər uşaq qidalana bilmirsə, yəni ana südü əmə bilmirsə, misal üçün, hər zamankından fərqli olaraq daha çox qusursa, iştahsızdırsa, xəstəlik halı dediyimiz bir haldadırsa, həmçinin sidiyində qoxu varsa, kəskin bir qoxu ola bilir, sidiyində bulanıqlaşma varsa, bəzən sidikdə qan görülə bilir, ağ ləkələnmələr görülə bilir alt bezində – bunlar varsa, sidik yolu infeksiyasından şübhələnməlidir. 

Və xüsusilə əgər səbəbi açıqlanmaya bir yüksək hərarət varsa, uşağın qızdırması var, amma uşaqda üst tənəffüs yolu infeksiyalarının əlamətləri yoxdur, burnu axmır, boğazında bir qızarıqlıq yoxdur, qulağında bir problem yoxdur, o halda mütləq məsləhət görürük ki, sidik analizi verilsin. Əgər infeksiya varsa, vaxtında müdaxilə edilərək o infeksiya müalicə edilməlidir.

Böyük uşaqlarda sidik yolu infeksiyaları əlamətləri

Uşaq böyüdükcə artıq özünü ifadə edə bilir və sidik yolu infeksiyası olanda uşaqlar şikayətlərini valideynlərə deyə bilərlər.

Bunlar nə kimi şikayətlərini ifadə edir?

Sidiyə gedəndə yanma, göynəmə, tez-tez tualetə getmə, bəzən yeni başlayan sidik qaçırmaları, təciliyyət hissi, yəni ki, tualetə tez getmə ehtiyacı, qarın ağrısı, yan ağrıları da sidik yol infeksiyasında görülən problemlərdir.

Yəni sidik yol infeksiyası deyiləndə biz sidik kisəsi iltihabı və böyrəklərin də iltihabını nəzərdə tuturuq. Əgər bu əlamətlərə əlavə olaraq yüksək hərarət varsa, biz burada böyrəyin də iltihabından şübhələnirik. 

Böyrəklərdə də iltihablanma varsa?

Xüsusilə, əgər bu infeksiyalar təkrarlanırsa, mütləqdir ki, bu araşdırılmalıdır. Ultrasəs müayinə edilməlidir, böyrəkdə bir anomaliyanın olub-olmadığına baxılmalıdır. Bəzi hallarda təkrarlanan yüksək hərarətli sidik yolu infeksiyasına və ultrasəs müayinəsində bir şübhəli hal görürüksə, “işəmə sistoqrafiyası” adlanan bir testlər uşaqda sidiyin böyrəklərə geri qaçması, reflüks olub-olmadığına baxılmalıdır.

Yenə dediyim kimi anadangəlmə bu uroloji problemlər gələcəkdə böyrəyin itirilməsinə gətirib çıxara bilir. Ona görə uşaqlarda əgər səbəbi açıqlanmayan bir qızdırma varsa və ya özünü ifadə edən uşaqlarda sidiyə gedərkən göynəmə, yanma, tez-tez getmə şikayətləri varsa, mütləq sidik analizi əkilməsi verilməli və mütəxəssisə müraciət edilməlidir.

Həkimsiz müalicə izləri itirə bilər

Bəzən elə olur ki, uşaqlarda əlamət olur və valideyn başqasından eşitdiyi bir dərmanı başlayır, ondan sonra gedir sidik analizi və əkilməsi verir. Bu bizim diaqnostikamıza mənfi təsir göstərir. Yəni biz artıq bilmirik bu infeksiya keçiribmi, yoxsa yox? Çünki verdiyi antibiotik, bəzən doğrudan da təmizləmiş ola bilir.

Ona görə məsləhətim odur ki, həkiminin məsləhətini almadan hər hansı bir müalicə başlanılmasın. Hər hansı bir antibiotik istifadəsi mütləqdir ki, bir həkim nəzarətində olsun. Çünki istifadə etdiyi antibiotiklərin müddətləri var, uşağa uyğun dozaları var. Həkim onu təyin etməlidir ki, həm infeksiya təmizlənməlidir, həm uşağı bu dərmanlardan qoruyaq, o dərmanın verə biləcəyi zərərlərdən uşağı qorumalıyıq. 

Bu səbəblə əgər bu əlamətlər varsa, mütləqdir ki, bir həkim görsün, dəyərləndirsin, buna səbəb olan bir xəstəlik varsa, araşdırılsın.

Uzman Dr.Pərviz Hacıyev, Uşaq uroloqiyası yandal uzmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir