Yenə adından yola çıxmaq istəyirəm.
“Obsessiyalar” nə deməkdir?
Təkrar edən eyni düşüncələrdir. Adamın ağlına gəlir və onu ağlından çıxarda bilmir. Hansı düşüncələrdir? Bir az sonra misal verirəm.
“Kompulsiya” nədir?
Kompulsiya ağıla gələn düşüncələri hərəkətlərlə, davranışla yerinə yetirməkdir.
“Pozuntu” nədir? Obsessiv-kompulsiv pozuntu?
Pozuntu bu deməkdir: əgər bir hərəkət və yaxud da bir düşüncə insanın ünsiyyətinə, münasibətlərinə xələl gətirirsə, işində problem yaradırsa, iştahında, yuxusunda, cinsi həyatında bir problem yaradırsa, onda bu, pozuntu olur.
Hər narahatlıq obsessiv-kompulsiv pozuntu demək deyil
Yoxsa… Obsessiv-kompulsiv pozuntuya indi misallar deyəcəm. Bu misallar hər kəsin həyatında ola bilər. Amma bu bizim ünsiyyətimizə, təkrar edirəm, davranışımıza, yuxumuza, iştahımıza təsir göstərmirsə, xəstəlik demək deyil, yəni pozuntu demək deyil.
Obsessiyalara misal verim. Ən çox rast gəlinəni təmizlik obsessiyalarıdır, vasvasılıq xəstəliyidir.
Vasvasılıq
Belə xəstələr nə hiss edirlər? “Hər şey murdardır, hər şey çirklidir”, ya da “Hər şeydən mikrob mənə keçə bilər”.
Əllərini davamlı yuyurlar, bir yuyurlar sonra ağlına belə bir düşüncə gəlir “Yox, deyəsən yaxşı yumadım”, ya da “Su harasa sıçradı”, gedib o yeri bir də yuyurlar. Gündə 2, 3 sabun qurtaranlar var və yaxud da litr-litr spirt qurtaranlar var təmizliklə bağlı.
Bir çox halda əlin üzərində o qədər yuyurlar ki, ağ ləkələr əmələ gəlir. Çox vaxt da dəri həkimləri bu xəstələri bizə göndərirlər. Çünki bunu bir xarakter olaraq bilirik, bu xəstə təmizkardır.
Buradakı “obsessiya” əlin təmiz olmadığı düşüncəsidir, “kompulsiya” gedib onu yumaqdır, “pozuntu” da bu həddindən artıq çox olursa və 5-6 saat hamamda keçirirsə, adam bu artıq pozuntudur. Çünki bu ailəyə, işə, ünsiyyətə təsir göstərir.
“Deyəsən, qapını bağlamadım?”
Başqa bir misal: “Qapı bağlıdır, bağlı deyilmi?” Yoldan qayıdıb, gəlib baxmaq kimi və yaxud da indi daha rahat üsul tapıblar – şəkil çəkmək kimi. “Qapını bağladım/bağlamadım?” yoxlayıb onun videosunu çəkib qoyurlar ki, ağıllarına gələndə ona baxsınlar.
Yoxlama, kontrol obsessiyalardır. “İşığı söndürdümmü, söndürmədimmi? Ütünü çıxartdımmı, çaxartmadımmı? Qazı söndürdümmü, söndürmədimmi?” Hətta qazın açarlarının eyni xətt üzrə olmağını görürlər, o belə bəs etmir! Yandırırlar, bir daha söndürürlər ki, “Aha, söndürüm, artıq istilik yoxdur” kimi.
Bunlar psixoz deyil, narahatlıqdır
Bu davranışlar “reallığın pozulmağı” demək deyil, “psixoz halı” demək deyil, “dəlilik halı” demək deyil. Bu sadəcə bir narahatçılıqdır. Həmin xəstədən biz soruşanda ki: “Sən qapını bağladın?” deyək. “Bəli, bağladım, amma əmin deyiləm” deyir və yaxud da özlərinə bir güvənsizlik olur. Və o təkrar eləməklərdə ki, məqsədi o içdən gələn o narahatçılıq hissini basdırmaq üçün gedib təkrar-təkrar yoxlamalıdır.
Maqik düşüncələr
“Maqik düşüncələr”ə misal verim:
“Telefonu 2 dəfə yandırıb söndürməsən, bundan sonrakı gələn zəng mənə pis xəbər verəcək.”
Və yaxud da işığı sanki söndürsəm, yaxınlarımın kiminsə həyatını söndürmüş kimi hiss, elə bir qəribəlikliklər.
Kimsə yola çıxır, “Gərək mən mütləq gedim yatım, o çatanda oyanaram. Çünki mən oyaq olsam” və yaxud da tam tərsi “Mən yatılı olsam, o da yuxu ilə yarı yolda qəza törədər” kimi adamın ağlından belə düşüncələr keçir. Maqik düşüncələrdir. Möcüzə deyə düşünürük. Çünki sanki “Mənim burada etdiyim bir davranış onun həyatını dəyişdirəcək” kimi düşüncələr olur.
Dini obsessiyalar
“Dini obsessiyalar” daha çoxdur. Kitaba və yaxud da Allaha qarşı olan mənfi düşüncələr gələ bilir və bunlar insanın özünü daha çox narahat edir.
Özlərini pis hiss edir, hətta özlərini daha çox günahlandırırlar: “Mən kafirəm” və yaxud da “Mən çox günahkaram ki, bunlar ağlıma gəlir.”
Bu bir xəstəlikdir, müalicə edilməlidir
Halbuki bunlar bir xəstəlikdir. Necə ki qrip tənəffüs yolların bir xəstəliyidir, bizdən asılı olmadan burnunuzdan su gəlir. Burada da fikirlər bizdən asılı olmadan beynimizdən axır.
Bunu düzəltməyin yolu da “döyməklə” deyil və yaxud da “başa salmaqla” deyil. Necə ki, qripdə bunların heç birini etmədən dərman veririk və yaxud da bol su içirik, istirahət edirik, qrip düzəlir və yaxud da göz zəif olanda gözlükdən istifadə edirik daha yaxşı görmək üçün, beyindəki xəstəliyin də düzəlməsi üçün müalicə lazımdır.
Obsessiv-kompulsiv pozuntusunun müalicəsi
Müalicə 2 üsulladır: dərman və psixoterapiya. Psixoterapiya da bir məsləhət vermək deyil, psixoterapiya xüsusi bir söhbət ilə müalicə üsüludur.
Obsessiv-kompulsiv pozuntuda çox vaxt hər ikisini bir yerdə istifadə edirik. Çünki xəstəlik başlayır 12-13 yaşlarından, yeniyetməlik öncəsində. Yeniyetməlik boyunca bu xəstəlik bizlə bərabər olur. Çox vaxt yüngül formada olur deyə daha pozuntu demirik və xəstəliklə xarakter yan-yana bizim xarakterimizə də təsir edir və bizə gələndə 30, 25 yaşlarında xəstə gəlir. Yəni xəstəliyin üzərindən 10-15 il keçəndən sonra.
Dolayısı ilə bir az ağırlaşmış formada olur. Ağırlaşmış formada həm dərmanı, həm psixoterapiyanı yanaşı istifadə edirik.
Hətta xəstə “Yaxşıyam” deyəndən sonra uzun müddət, bəzən 2 il dərman istifadəsini məsləhət görərik ki, yaxşı olmağa beynimiz də, bədənimiz də öyrəşmiş olsun.
Uzm. Dr. Fuad Bəşirov, Psixiatr