Kateqoriyalar
Daxili xəstəliklər

Qaraciyər yağlanması – hepatosteatoz

İnsan orqanizmində ən böyük orqan olan qaraciyər maddələr mübadiləsinin bütün proseslərində, ödün əmələ gəlməsində iştirak edir, filtrasiya, dezintoksikasiya funksiyasını yerinə yetirir. Qaraciyər xəstəlikləri kəskin və xroniki olur.

Kəskin xəstəliklər zamanı xəstələr həkimə müraciət etməyə məcbur olur.

Lakin xronik xəstəliklər zamanı xəstəlik ya gizli keçir, ya da yüngül simptomlarla keçdiyindən xəstəlik o zaman aşkar olur ki, o artıq “hepatobiliar sistem” ciddi zədələnmiş olur. 

Bəzən heç bir şikayət olmadan, təsadüfən, ultrasəs müayinə zamanı hepatosteatoz əlamətləri aşkar olunur. 

Metabolizmdə pozğunluq baş verdikdə qaraciyər hüceyrələrində piylərin artıq toplanması başlanır və hepatosteatoz əmələ gəlir.

Hepatosteatozun mərhələləri

Hepatosteatozun 3 mərhələsi var: steatoz, steatohepatit, steatoseroz.

Hepatosteatozun birinci mərhələsində – steatoz mərhələsində proses geri dönəndir. Bu mərhələdə ancaq hüceyrələrə piylərin artıq yığılması baş verir.

Lakin ikinci mərhələdə – steatohepatit mərhələsində piylərin yığılması ilə bərabər iltihabi proseslər də baş verir. Bu artıq ciddi zədələnmələrdir. 

Üçüncü mərhələdə – steataseroz mərhələsində qaraciyərin normal funksiyaları birləşdirici toxuma və fibroz toxuma ilə əvəz olunur. Bu mərhələdə qaraciyər öz funksiyasını yerinə yetirməyə bilər.

Hepatosteatozun əlamətləri

Hepatosteatozun ilkin mərhələsində proses yüngül olduğundan şikayətlər də yüngül olur. Bu zaman xəstələr dispeptik əlamətlərdən şikayətlənə bilərlər. Ürəkbulanma, qusma, ishal, qəbizlik, köp, gəyirmə… Lakin xəstəlik irəlilədikcə başqa əlamətlər – qaşınma, dəridə və skleralarda sarılıq, zəiflik, tez yorulma, ətraflarda ödemlər, sidiyin tünd, nəcisin açıq rəngdə olması, qarın boşluğunun ölçülərinin böyüməsi kimi şikayətlər başlanır. 

Steatoz niyə əmələ gəlir?

Ultrasəs müayinə zamanı xəstələrə “Səndə hepatosteatoz var” dedikdə xəstələr belə sual verir: “Steatoz niyə əmələ gəlir?” 

Steatozun əmələ gəlməsinin əsas səbəbləri periodik olaraq alkoqol qəbulu, yağlı qidaların qəbulu, həddən artıq qidalanma, bədən çəkisinin artması, bir sıra dərman maddələrin toksiki təsiri, narkotik maddələrin təsiri, bir sıra xəstəliklər – arterial hipentenziya, ateroskleroz, şəkərli diabet kimi xəstəliklər və genetik faktorlar hepatorozun əmələ gəlməsinə şərait yaradır.

Hepatosteatozun müalicəsi

İlkin mərhələdə proses geri dönəndir. O halda ki, alkoqoldan qəti imtina olunur, bədən çəkisinə nəzarət olunur, bədən çəkisi sürətlə deyil tədricən azaldıqca orqan da bütün bədənlə, orqanizmdə birlikdə kiçilir və hepatosteatoz geriyə inkişaf edir. 

Əgər siz oturaq həyat tərzi keçirirsinizsə, gün ərzində 7-8 saat oturaq işləyirsinizsə, artıq risk etmiş olursunuz. 

Sağlam həyat tərzi, fiziki aktivlik, gün ərzində 40-50 dəqiqə sürətli gəzinti, rasional qidalanma – yəni zülalların kifayət qədər qəbulu, karbohidrat və yağların məhdudiyyəti, bunları əgər əməl etmiş olsanız, qaraciyərin piy distrofiyasının qarşısını almış olursunuz. Qaraciyərinizi qoruyun!

Dr. Sevinc Əhmədova, Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.