Kateqoriyalar
Ortopedia-travmatologiya

Daban ağrıları – plantar fasiit və daban tikanı

Dabanda olan ağrıların ilk mərhələlərdə “plantar fasiit” adlandırdığımız – yəni daban alt hissəsində olur bu “fasiya” və onun iltihabına bağlı olan ağrılar, daha gec mərhələlərdə isə “daban tikanı” dediyimiz dabanın altında artıq sümük çıxıntısı şəklində özünü büruzə verməklə daha ciddi və uzunmüddətli ağrılara səbəb olur.

Xəstələrin şikayəti nə zaman olur? Səhər tezdən yataqdan durub ayağını ilk yerə basdığında və yaxud da bir işlə əlaqədar bir yerdə müəyyən bir müddət, yarım saat, 1 saat oturub sonra ayağa qalxıb, ayağa yük verdiyində daban altında çox şiddətli və kəskin ağrı ilə özünü büruzə verir.

Daban ağrıları artıq çəkili insanlarda daha çox olur

Daha çox xanımlarda rast gəlinir. Amma son bir ildə, yəni istər bəylərdə, istər xanımlarda kifayət qədər bu şikayətlə bizə müraciət edən xəstələrin sayı var. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. 

Daha əvvəldən də bilindiyi kimi buna səbəb, məsələn, artıq çəkinin olmağıdır ki, bizdə xanım nümayəndələrində çəki problemi daha çox olur bildiyimiz kimi… Oturaq iş şəraiti və yaxud da tam əksinə işi ilə bağlı uzun müddət ayaq üstə qalmaq və yürüyüş etmək məcburiyyətində qalan insanlarda olur.

Pandemiya dövründə daban ağrısı şikayətləri artıb

Son bir ildə bu şikayətlərlə bağlı müraciət sayının artmasının səbəbi isə bir il yarıma yaxın müddətdir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya şəraiti ilə əlaqədar insanların sosial həyatında müəyyən bir dəyişikliklər oldu. Hətta pandemiyanın ilk dövrlərində müəyyən bir aylar oldu ki, hərəkət tam məhdudlaşdırıldı, iş şəraiti tamam məhdudlaşdırıldı. 

Bütün bunlar nəyə səbəb oldu? İnsanların normal, gündəlik, aktiv həyatının qismən də olsa məhdudlaşmasına. 

İnsan daha az hərəkət edirsə, daha az enerji yandırır, daha az enerji sərf edir. Əksinə, evdə olduğu müddətcə daha çox qida qəbul edir. Bu da son nəticədə çəkinin artmağına, əzələlərin zəifləməyinə gətirib çıxartdı ki, bu da birbaşa, təsir edən amillərdən ən böyüyü oldu. 

Daban ağrısına görə həkimə nə vaxt müraciət edilməlidir?

Xəstəliyin ilk mərhələlərində “plantar fasiit” dediyimiz, sadəcə “fasiya iltabına” bağlı olaraq ayaqda, daban hissədən pəncənin altına doğru yayılan ağrı olur. İlk etapda həkimə müraciət zamanı müalicə də, müayinə də çox asanlıqla olur. Rentgen müayinəsindən sonra ilk dövrlərdə daban sümüyündə heç bir sümük dəyişikliyi olmadığına görə konservativ müalicə ilə, fasiya iltabının aradan qaldırması üçün dərman preparatları, ora soyuq tətbiq etməklə, ayaqqabının içərisinə yumşaq silikon içlik istifadə etməklə, çox asanlıqla müalicə edilir. 

Həmçinin eyni qaydada, əgər artıq çəki problemi varsa da, çəki problemi həll edilməlidir, əzələ zəifliyinə bağlıdırsa, o idman hərəkətləri ilə əzələ gücü yenidən bərpa edilir.

İlkin etapda həkimə müraciət edilmədikdə…

Daha gec dönəmlərdə isə, artıq orada çıxıntı şəklində kristal əmələ gəldikdə isə, müalicə daha çətin olur, təbii ki. Daha öncə saydığım bütün tədbirlərlə yanaşı xəstə fizioterapiya almağa başlayır, dəstəklə verilir, onda zərbə dalğa müalicəsi edilir. Hətta çox ağrılı dönəmlərdə oraya yerli bir inyeksiyalar, yəni iynə vurmaqla da o lokal oradakı iltihab ocağına birbaşa təsir etməklə problemi aradan qaldırılır.

Plantar fasiitin cərrahi müalicəsi varmı?

Bəzən xəstələr deyir “Bunun cərrahi müalicəsi varmı?” Bəli, var. Cərrahi müalicəsi də edilir plantar fasiitin. Amma praktikada cərrahi müalicədən çox az istifadə edilir. Çünki konservativ müalicənin faydalığı yüksəkdir. Ona görə nə qədər erkən həkimə müraciət edilirsə də, müalicənin də effekti o qədər yüksək olur, həm həkim, həm xəstə razı qalır.

Plantar fasiitin təkrar yarana bilərmi?

Çəkini kontrolda saxlamaq şərti ilə, əzələ gücü kifayət qədər olduğu müddətcə və ayaqqabı geyiminə nəzarət edirsə, “bir dəfə yaranıbsa, həmişə olacaq” deyə bir şey yoxdur. Müalicə olduqdan sonra ona risk olan amilləri aradan qaldırmaqla xəstə normal həyatına davam edir.

Op. Dr. İlkin Cəlilov, Ortoped-Travmatoloq

4 replies on “Daban ağrıları – plantar fasiit və daban tikanı”

Salam doktor mende hamilelikden sonra bele agri oldu hec vaxt olmamisdi bele 3 Aydiki arada tutur agrayir seher duranda ve cox hereket eddikde

Salam, həkim müayinəsi lazımdır, buyurun yaxınlaşın.
Dr. İlkin Cəlilov, Travmatoloq-Ortoped

Salam həkim mən də bu problemdən əziyyət çəkirəm 1 aydı dabanım ağrıyir çox vaxt ayağa dura bilmirəm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir