Əgər sizdə boğulma, nəfəs darlığı, “sanki nəfəs ala bilmirəm” kimi, ölüm qorxusu, baş gicəllənməsi kimi əlamətlər varsa, sizdə panik atak var deməkdir.
Panik atak 100 insandan 80-də ömründə bir dəfə belə olsa baş verir. Amma ömürdə bir dəfə baş verən panik ataka panik pozuntu demirik, xəstəlik demirik, yəni. Əgər bu panik atakların sıxlığı artıbsa, insanı yuxusundan didərgin salırsa, iş görmə qabiliyyətini əlindən alırsa, yaxınlarla münasibəti pozursa, o zaman buna xəstəlik deyirik və müalicə edirik.
Panik atak xəstəliyi çox vaxt gənclərin xəstəliyi olaraq bilinir və bir çox halda kardioloqlara, ya da endokrinoloqlara, “zob həkiminə” müraciətlə nəticələnir. Çox vaxt bizə xəstələri onlar yönləndirirlər: “Sənin ürəyində bir problem yoxdur, sən bir psxiatra get” və yaxud da “Boğulma hissin var sənin. Baxdıq. Boğulma hissin boğazdakı bir orqanik prosesdən qaynaqlanmır, sən bir psixiatra get”. Daha çox onlardan, o həkimlərdən – kardioloqlardan və endokrinoloqlardan gözləyərik bu cavabı.
Xəstələrin bəzən şikayəti belə olur: “Doktor, panik atak, psixiatrik xəstəlik deyirlər, amma mən əsəbləşmədən də ortaya çıxırdı”. Əslində panik atak belədir, insan durduğu yerdə ortaya çıxar, məsələn, gecə yatdığı yerdə ortaya çıxar panik atak.
Bir misal versəm, bura böyük bir it gəlsə, boğazında bir zəncir olmasa, ağzında xalta olmasa, hürsə, hamımız qorxarıq. Qorxmaq bu deməkdir: ürək döyüntümüz artar, rəngimiz ağarar, tüklərimiz biz-biz durar, qaçmağa hazır hala gələrik. Əslində bunu normal sayarıq, bu qorxunun verdiyi hissdir, adrenalini, kortizolu artırır və bədən özünü qorumağa keçir.
Panik atakda isə it olmadan, o mövcud qorxu olmadan durduq yerdə bu sistemin oyanmağı deməkdir. İnsanda boğulma başlayır, ürək döyüntüsü başlayır, baş gicəllənmə başlayır, qorxu hissi başlayır, xüsusi ilə də ölüm qorxusu: “Boğulacağam”, “İnfarkt keçirəcəyəm” hissi başlayır. Və yaxud da bu əlamətlərdən ikisi, üçü bir yerdə olur.
Panik pozuntu stressin, əsəbin olmadığı vaxtlar tutur. Məsələn, gecə yuxudan qaldırır və yaxud da: “Doktor çox rahat idim, kinoya baxırdıq, o vaxt baş verdi” və yaxud da “Çöldə gəzərkən baş verdi”. Daha çox axşam üzəri və yuxuda ikən tutur panik atak xəstəliyi.
Panik atakın müalicəsi necədir?
Panik atak müalicəsi 2 üsulladır: dərmanladır və söhbətlədir (psixoterapiya ilə).
Bütün dünyada belədir – bir insanın orqanik, ya da psixoloji bir problemi varsa, psixiatra müraciət edir, psixiatr diaqnoz qoyur və müalicə təyin edir.
Biz psixiatrlar, daha çox dərmanla müalicəni məsləhət görürük.
Niyə?
Çünki dərmanla müalicə həm daha rahatdır, həm daha ucuz başa gəlir. Psixoterapiya ilə müalicə isə, həm uzun müddətlidir, həm də daha bahalıdır. Dolayısı ilə, daha rahat üsulu seçmiş oluruq.
Söhbətin və yaxud da dərmanın xəstəlik üzərinə olan effektivliliyinin bir fərqi yoxdur. Yəni biri o birindən güclü və yaxud da zəif deyildir.
Bəzən dərmanla xəstəliyi düzəldə bilməyəndə yanına psixoterapiya qoyuruq və yaxud da dərman verə bilmədiyimiz xəstələrə psixoterapiya edirik. Əgər psixoterapiya ilə düzəlmirsə, o zaman yanına dərman qoyuruq, ikisin bir yerdə götürürük.
Panik atak xəstəliyi çox vaxt bir ay ərzində tam olaraq düzəlir, əgər doğru diaqnoz qoyulubsa, təbii ki. Dərmanı isə yenə 6 ay istifadə elətdiririk xəstəliyin təkrarlanma ehtimalını azaltmaq üçün. Sonra dərmanı kəsirik.
Panik atak xəstəliyi çox vaxt bəzi davranışlarla da düzələ bilir. Yüngül formaları, təbii ki…
Məsələn, panik atak tutması 5-10 dəqiqə, bundan daha uzun çəkməz… Daha dərindən nəfəs alır xəstələr panik atak vaxtı, boğulma hissinə qarşı. Dolayısı ilə, oksigen beyinə daha çox gedir. Oksigen beyinə daha çox gedəndə beyin oksigeni bu şəkildə başa düşür: “Oksigen daha çox gəlirsə, demək təhlükə hələ davam edir”. Dolayısı ilə panik atak davam edir, o tutma, o qorxu, ürək çırpıntısı, baş hərlənməsi davam edir. Bunu bəzən bir “qırma” yolumuz var, bu metoddan istifadə edərək panik atakı bəzən kəsə bilirik.
Bu hansı metoddur?
Bir sellofan torbanın içərisinə nəfəs alıb vermək, həmən panik atak zamanı. Sellofan torbanın içərisinə nəfəs alıb verəndə oradaki karbon qazın miqdarını artırmış oluruq. Dolayısı ilə, beynimizə gedən karbon qazın miqdarını artırmış oluruq, oksigen miqdarını azaltmış oluruq. Beynimiz belə anlayır: “Hə, oksigenin miqdarı azaldısa, demək ki artıq qorxmağa gərək yoxdur, qaçmağa gərək yoxdur”, o zaman sakitləşir.