Kateqoriyalar
Ginekologiya

Qadın sonsuzluğunun səbəbləri

Ən aktual problemlərdən biri olan qadın sonsuzluğu barəsində danışmaq istərdim. 

Sonsuzluq 1 il requlyar qorunmasız cinsi əlaqənin olmasına baxmayaraq hamiləliyin baş tutmamasıdır. 

Əgər qadının yaşı 35-ə qədərdirsə, bu müddət 1 il götürülür, əgər 35-40 arasıdırsa, 6 ay götürülür, əgər qadının yaşı 40-dan yuxarıdırsa və reproduktiv istəyi varsa, onda dərhal həkimə cütlük müraciət eləməlidir. 

Sonsuzluğa, ümumiyyətlə, bütün toplumlarda, demək olar ki, eyni tezliklə təsadüf olunur. Yəni hər 6 cütlükdən biri sonsuzluqdan əziyyət çəkir. Faiz etibarilə bu 15% təşkil edir.

Sonsuzluğun səbəbləri nələrdir?

Sonsuzluq 30% hallarda qadınla bağlı olur, 30% hallarda kişiyə bağlı faktorlar, 30% hallarda həm qadına, həm kişidə problem olur və 10% hallarda da “səbəbi izah olunmayan sonsuzluq” – ingilis dilində buna “unexplained infertility” deyirlər. Yəni, təbii ki, burada da səbəb var. Lakin müasir diaqnostika, müayinə metodlarının köməyilə o səbəbi ortaya qoymaq mümkün olmur. Məsələn, yumurta hüceyrədə “mitoxondrial disfunksiya” olur və həmin yumurta hüceyrə mayalansa da, bir-iki bölünmədən sonra ziqot öz inkişafını dayandırır və yaxud da ki, ümumiyyətlə, mayalana bilmir və s. Yəni, “gizli oosit” faktorları və s. olur. 

Yumurtalıq faktoru

Bir qadın həkimi olaraq mən qadın sonsuzluğunun səbəbləri haqqında danışmaq istəyirəm.

Qadın sonsuzluğunun səbəbləri arasında birinci yeri yumurtalıq faktoru tutur. Bu, özlüyündə 2 faktoru birləşdirir. Birincisi, hamiləliyin baş tutması üçün yumurtalıqda kifayət qədər yumurta olmalıdır. İkincisi isə yumurtalama, yəni ovulyasiya olmalıdır. 

Yumurta rezervi problemləri

Məlumdur ki, hələ qadınlar özləri bətndaxili dövrdə olarkən hamiləliyin, deməli, 20-ci həftəsinə qədər yumurta hüceyrələr mitoz yolla bölünür və 20-ci həftədə mitoz dayanır, meyoza girirlər. Bu halda 6-7 milyon yumurta olur yumurtalıqda. Sonra tədricən atreziyalar gedir və doğulduqda qız uşaqlarında 1-2 milyon yumurta və cinsi yetişkənliyə çatdıqda ilk menarxiyadan sonra isə cəmi 400.000 yumurta olur. Sonra bioloji saat yumurta rezervinin əleyhinə işləyir. Yəni, getdikcə azalır, azalır… Məsələn, 35 yaşda 27 min olur. 1000 yumurta qaldıqda qadın klimaksa girir. 

Yumurta rezervinə təsir edən faktordan ən önəmlisi genetik faktordur. Eləcə də başqa faktorlar, məsələn, siqaret çəkmək, içki içmək və yaxud yumurtalıqda keçirilmiş cərrahi əməliyyatlar, autoimmun proseslər, eləcə də kimyəvi dərman müalicəsinin alınması, şüa müalicəsinin alınması rezervin azalmasına səbəb ola bilər.

Ovulyasiya problemləri

İkinci faktor, yəni yumurtalama – ovulyasiyanın olması. Yəni, follikul partlamalıdır, içərisindən yumurta hüceyrə çıxmalıdır. 

Normal xanımlarda ilin 12 ayından ikisində yumurtalıq dincəlir. Anovulyasiya olur, yəni. 

Tənbəl yumurtalıq sindromunda 3-4-də anovulyasiya olur.

Amma yumurtalıqların polikistoz sindromu – hansı ki, anovulyator sonsuzluğun ən əsas səbəbidir, o halda ildə qadında cəmi 3-4 dəfə yumurtalama olur. Ona görə də onlar hamilə qalmaqda çətinlik çəkirlər. 

Boru faktoru

Digər bir faktor boru faktorudur. Boru, ümumiyyətlə, elə bir orqandır ki, onun keçiriciliyinin olmaması təbii yolla hamiləliyin mümkün olmaması deməkdir. 

Boru keçiriciliyinin pozulmasına təsir edən faktorlar – infeksiyalar, iltihabi xəstəliklər, açıq üsulla keçirilmiş cərrahi əməliyyatlar, qarın boşluğu əməliyyatlarıdır… Eləcə də endometrioz xəstəliyi, hansı ki, bu zaman yapışıqlıqlar yaranır və boru keçiriciliyi pozulur. 

Boruların müalicəsi üçün qızıl standart histerosalpinkoqrafiya, yəni boruların rentgenoqrafiyası tövsiyə olunur. 

Amma boru keçiriciliyi olmayan qadınlar da ruhdan düşməməlidirlər. Çünki bəzi konservativ yollarla da boru keçiriciliyini bərpa etmək olur. 

Uşaqlıq faktoru

Üçüncüsü uşaqlıq faktorudur. Yəni, mayalanmış yumurtahüceyrə uşaqlığın endometriumuna implantasiya olunmalıdır. Amma uşaqlıqda aparılmış cərrahi əməliyyatlar, çoxsaylı keçirilmiş abortlar nəticəsində, eləcə də adenomioz nəticəsində uşaqlığın içində yapışıqlıqlar yarana bilir. Buna “Aşerman sindromu” deyilir. Bu halda hamiləlik alına bilmir. 

Uşaqlıq boynu faktoru

Digər bir faktor uşaqlıq boynu faktorudur. Yəni, uşaqlıq boynunun keçiriciliyi normal olmalıdır. Amma servisitlər – uşaqlıq boynunda infeksion iltihabi xəstəliklərin olması və ya servikal stenozun olması, keçirilmiş cərrahi əməliyyatlara bağlı və s. Bu da poza bilir. 

Bir də immunoloji sonsuzluq da uşaqlıq boynuna bağlı ola bilir. Məsələn, ASA deyirlər – antisperm antikorlar, uşaqlıq boynunda olur, onlar, deməli, spermatozoidlərlə birləşib inaktivə etməklə spermatozoidlərin boruya çatmasının qarşısını alır. Nəticədə mayalanma gedə bilmir. 

Qadın sonsuzluğunun digər səbəbləri

Sonsuzluğun digər səbəbləri də mövcuddur. Məsələn, hormonal səbəblər ola bilər, hiperprolaktemiya, lüteal faz defekti və ya psixogen sonsuzluq var ki, bunu mif hesab edənlər də var. Müəyyən faiz hesab edənlər də var ki, bu da sonsuzluğa səbəb olur. Məsələn, qadın çox düşünür, beyinin qabığında dominant mərkəz yaranır ki, hansı ki, onda normal ovulyasiyanın qarşısını alır və hamiləlik alınmır. 

Sonda mən arzu edərdim ki, heç bir ailə körpəsiz olmasın.

Dr. Rumiyə Maçanova, Həkim-ginekoloq

Qadın sonsuzluğunun səbəbləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir