Kateqoriyalar
Stomatologiya

Dental implantın üstünlükləri nələrdir?

Dental implantlarının üstünlüklərindən biri odur ki, çənə sümüyünü mühafizə edir. Yəni dişin özü və yaxud da dental implant olduğu zaman implant ətrafı, implant nahiyəsindəki sümüklər mühafizə olunur. Çünki implant o sümüyü saxlaya bilir.

Ondan əlavə çeynəmə qabiliyyəti çox yüksək olur pasiyentlərdə. Taxılıb çıxarılan protezlə implantın çeynəmə qabiliyyəti arasında, haradasa, iki dəfə fərq var.

Protezlə bir pasiyentin qidaları əzmə qabiliyyəti 50 faizdirsə, implantla, haradasa, 90-100 faizdir.

İnsanın öz dişinə yaxın, ən yaxşı konstruksiyadır hal-hazırdakı müasir stomatologiyada.

Pasiyentlərə yüksək əhval-ruhiyyə bəxş edir. Pasiyent öz dişi imiş kimi hiss edir. Yəni yeyərkən, danışarkən hər hansı bir ağızdan çıxma problemi yoxdur.

İmplantın ömrü nə qədərdir?

Pasiyentlər bizdən qarantiya istəyir ki: “Doktor, bu nə qədər qarantiyalıdır?”

Ümumiyyətlə, tibb sahəsində hər hansı bir qarantiya verilmir. Hər bir vücudun dəyişik reaksiyası ilə bərabər implantlar özlərini isbat etmiş konstruksiyalardır. Belə deyim, əgər 100 implant qoyuruqsa, bundan, haradasa, 98-99-u özünü yaxşı göstərir. Yəni uzun müddət ağızda qala bilir.

“Uzun müddət” nə deməkdir?

10 il implant üçün az müddətdir. Mən pasiyentlərimə bu şəkildə ifadə edirəm: “Baxın, sizə implant yerləşdiririk. Bu yaşdan sonra sizə yeni bir diş bəxş edirik. Hə, bu yaşdan sonra onu necə istifadə etsəniz, o qədər qalacaqdır”. Yəni istəsəz, 30 il qalar, istəsəz, 20 il qalar. Bu şəkildə…

İmplantın problemi olurmu?

Bir – implantı ilk öncə professional həkim qoymalıdır. Yəni o işi professional həkim etməlidir. Təhsilli həkim etməlidir.

Deyək ki, implantı təhsilli həkim etdi və çox gözəl, mükəmməl bir şəkildə implantasiya olundu… 

Bəs bunda problem çıxa bilərmi?

Mən pasiyentlərin özlərinə deyirəm: “Sizin dişinizdə problem çıxırmı? Yəni ana dişinizdə…”

“Problem çıxırmı? Bəli.” 

Pasiyent o dişinə düzgün qulluq etmədiyi zaman, müəyyən prosedurlardan, həkimlərdən keçmədiyi zaman, müəyyən sistem xəstəlikləri olduğu zaman öz dişində problem çıxırsa, implantda da, sizin implantınızda problem çıxma ehtimalı var. Nə vaxtsa…

Ancaq bunu pasiyentlər şişirdirlər. 

Deyək ki, məsələn pasiyentin ağzında 3 dənə implant var, amma 20 dənə dişi var. Üç dənə implantdan birində problem çıxır… Ancaq öz dişindən 4-5 dənə əksilir. Öz dişini nəzərə almır. Deyir ki “İmplantda problem var”. 

Düşünürlər ki, “Hə, implant bir dəfə qoyuldu, bir dəfə əməliyyat olunub, ömürboyu bu şəkildə davam edəcək”.

Xeyr. İmplant lazımı qaydada qoyulandan sonra pasiyentin mütləq şəkildə çox yüksək səviyyədə qulluğu lazımdır. Öz dişinə necə baxırsa, implanta daha yaxşı baxmalıdır. Gigiyenik qaydaları daha gözəl əməl etməlidir.

İmplantın problemləri ağrısız gedir

İmplant bioloji bir şey deyil. Yəni insanın öz dişi kimi deyil. Baxmayaraq ki, öz dişinə ən yaxşı konstruksiyadır, ancaq heç bir zaman öz dişinin bioloji gücünə sahib deyil. 

Ona görə pasiyentlər gigiyenik qaydaları əməl etməklə bərabər ən az 6 aydan bir həkim kontrolundan keçməlidirlər. Həkim ona baxmalıdır, rentgendə müayinə etməlidir.

Çox vaxt implantın problemləri ağrısız gedir, ağrısız davam edir. Ancaq pasiyentlər bunun fərqinə varmır. Ona görə mütləq şəkildə müəyyən ölçümlər üçün, müəyyən testlər üçün hər 6 aydan bir kontrola gəlməlidir.

Hansı yaşda dental implant qoydurmaq olmaz?

İmplantı daha çox 17-18 yaşdan sonra tədbiq edə bilirik. 

Ancaq üst yaş səviyyəsi yoxdur. Yəni necə yaşa qədər? 80 yaşa qədər, 90 yaşa qədər, 100 yaşa qədər tədbiq edə bilirik.

Bəzi insanlarda yanlış bir düşüncə var ki, “Qocaldıqca implantı bədəni götürməyəcək”.  

Xeyr, belə bir şey yoxdur.

İnsan yaşa dolduqca sadəcə sümüyündə azalma olur, sümük ərimələri olur. Sümüyün genişliyi və hündürlüyündə azalmalar olur və onu biz bir şəkildə bərpa etməliyik.

Sadəcə belə bir əngəl törədə bilər bizə yaşlı xəstələrdə. Onun da, təbii ki, bir neçə çözüm yöntəmi var.

Bəzən sümük miqdarını artırırıq. Bəzən qısa implantlardan istifadə edirik. Bəzən fərqli metodlardan istifadə edirik… Ancaq o məsələni bir şəkildə həll edirik. 

Yəni pasiyentin üzü gülə bilir neçə yaşında olursa, olsun. Pasiyent istədiyi çeynəmə qabiliyyətinə, istədiyi estetikaya çata bilir.

Dr. Bəhruz İsmayılov, Stomatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.