Kateqoriyalar
Laboratoriya

Analiz verərkən bunlara diqqət etməliyik

Artıq müasir laboratoriyalarda tam avtomatlaşdırılmış cihazlar istifadə olunduğu üçün “analitik xəta payı” çox azdır. Daha çox “pre-analitik xətalar”la qarşılaşırıq və bu “pre-analitik xətalar”a “pre-analitik faktorlar” səbəb ola bilir.

Daha çox hansı “pre-analitik faktorlar” təsir edə bilir?

Bunlar “aclıq”, “toxluq” və “günün saatı”dır.

Acqarına verilən analizlər hansılardır?

Bəzi testlər var ki, mütləq şəkildə acqarına verilməlidir. Aclıq tələb edən testlər mütləq şəkildə səhər saatlarında verilməlidir və həmin şəxs axşam saat 9-dan sonra heç bir qida qəbul etməməlidir (su xaric) və aclıq 12 saatı keçməməlidir. Bu şərtlərə əməl edərək qanda aclıq qlükoza (yəni şəkər səviyyəsi) yoxlanıla bilər, həmçinin “lipid panel” dediyimiz testlər: bunlar xolesterol, triqleserid, HDL, LDL-dir. Həmçinin tiroid hormonu olan TSH hormonu səhər saatlarında acqarına verilməlidir.

TSH hormonunun yeməkdən 2 saat sonra qanda səviyyəsinin aşağı düşdüyünə dair “PubMed”də yayımlanan bir çox elmi məqalələr mövcuddur.

Səhər saatlarında verilən analizlər hansılardır?

Nəyə görə bəzi testlərin səhər saatlarında verilməsi vacibdir?

Bəzi hormonlar var ki, bioloji ritm göstərir və günün səhər saatlarında qanda ifrazatı maksimum səviyyəyə çatır, axşama doğru isə qanda səviyyəsi azalır. Bu, “diurnal ritm” adlandırılır.

Diurnal ritm göstərən hormonların səviyyəsi səhər saatlarında yoxlanılması tövsiyə olunur. Məsəl üçün, TSH, prolaktin, kortizol, AKTH kimi hormonlar səhər saatlarında ac qarnına verilməsi tövsiyə olunmaqdadır.

Günün istənilən saatında verilə bilən analizlər

Bəzi testlər var ki, günün istənilən vaxtı verilə bilər. Bu testlərə hansılar aiddir?

Qanda infeksiyaların skrininqi aparıldığı zaman, məsəl üçün, Hepatit B, Hepatit C, həmçinin COVID infeksiyasının skrininqi zamanı günün saatı önəmli deyil, aclıq tələb olunmur. 

Həmçinin qanda təxmini 3 aylıq şəkər səviyyəsini göstərən qlükohemoqlobin testi də günün istənilən vaxtı verilə bilər və həmçinin aclıq tələb etmir.

Və bir çoxlarının verdiyi, müraciət etdiyi sual odur ki, “Qanın ümumi analizi nə vaxt verilə bilər?”

Qanın ümumi analizi günün istənilən vaxtı verilə bilər, həmçinin “aclıq/toxluq” şərt deyil.

Analiz nəticələrinə təsiri edən digər faktorlar

Unutmayaq ki, analiz nəticələrinə: stress, yuxusuzluq, ağır fiziki iş, alkoqol və nikotin qəbulu da təsir edə bilməkdədir. Yaxşı olar ki, analiz vermədən öncə bu kimi faktorlardan uzaq duraq.

T.ü.F.D. Dilarə Ələkbərli, Klinik biokimya mütəxəssisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir