Cütlüklərin 1 il boyunca requlyar ve qorunmadan cinsi əlaqədə olmasına baxmayaraq, hamiləliyin baş verməməsi sonsuzluq adlanır. Cəmiyyətdə hər 7 cütlükdən biri sonsuzdur. Bir cütlüyüün 3 aylıq bir müddətdə hamilə qalmaq şansı 55-57%, 6 aylıq müddətdə 72%, 1 il sonra isə 85%-dir. Sonsuzluqda sırf qadına bağlı səbəblər 40-55%, kişiyə bağlı 25-40%, hər ikisinə bağlı səbəblər isə 10-15% təşkil edir. Təxminən 10-15% cütlüklərdə isə hər hansı bir səbəb aşkar edilmir. Bu hal “səbəbi bilinməyən sonsuzluq” adlanır.
Cütlükləri müayinə etməkdə məqsəd, kimin günahkar olduğunu araşdırmaq deyil, səbəb və mualicəni müyyən etməkdir.
Hamilə qalmağa mane olan faktorlar bunlardır:
- Cinsi əlaqənin sayı. Cinsi pəhriz 5 günü keçdiyində spermin aktivliyi azalır və hamiləlik baş vermir. Əksinə, bir neçə araşdırmaların nəticəsinə əsasən hər gün cinsi əlaqədə olan cütlüklərdə isə hamiləlik şansı azala bilər. Cütlüklərə 1-2 gün ara verərək cinsi əlaqədə olmaq tövsiyə olunur. Xüsusilə aybaşı tsiklinin ortalarında 8-16-cı günlərdə, yəni təxmini ovulyasiya dönəmində cinsi əlaqə tövsiyə edilir.
- Pəhriz və həyat tərzi. Araşdırmalara görə, bədən çəki indeksi aşağı olan qadınlarda hamiləlik baş verməsi gec-gec olur. Həmçinin piylənməsi olan qadınlar da hamiləlik üçün mütləq arıqlamalıdılar. Xüsusilə qarın bölgəsində artıq piy toxuması əlavə estrogen hormonunun qanda miqdarını artırır və bu yumurtalanma prosesinə təsir edir. Siqaret çəkən qadınlar da hamilə qalmaqda çətinlik çəkir. Siqaret yumurta hüceyrənin keyfiyyətinə mənfi təsir edir. Həmçinin siqaretin menopauza dovrünü yaxınlaşdırmasına aid müəyyən tədqiqat işləri var. Kişilərdə siqaretin spermə, onun hərəkətliliyinə çox ciddi təsiri olduğuna dair kifayət qədər araşdırmalar mövcuddur.
- Kofein. Gündə 5 fincandan çox qəhvə istifadə edən qadınlarda da hamilə qalma şansı azalmaqdadır. Qəhvə həm də hamiləlik zamanı düşük riskini artıra bilər.
- Əlavə dərmanlar, xüsusilə antidepressantlar, antibiotiklər və digər dərmanların istifadəsi qadınlarda müvəqqəti hormon pozğunluğu yarada bilər.
- Stressli həyat yaşayan və yaşlı qrup cütlüklər daha çox sonsuzluq problemi ilə qarşılaşa bilər. Bol meyvə, tərəvəz, sağlıqlı qidalanma və sağlam həyat tərzinin hamiləliyin baş verməsində müəyyən rolu var.
T.E.N. Dr. Elnurə Vəliyeva Ginekoloq