Kateqoriyalar
Xəbərlər

“2020-CI ILDƏ BU XƏSTƏLIKLƏR BIRINCI YERDƏ OLACAQ” (MÜSAHİBƏ)

Səhiyyə Nazirliyinin uşaq intiharlarının sayının artmasının səbəblərinə dair verdiyi açıqlamada Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov “Ötən il 18 yaşına qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı. Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intihar etmə halları müşahidə edilir. Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür. Uşaq isə intihara əl atır. Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır”, deyib. 

F. İsmayılov onu da əlavə etmişdi ki, Psixi Sağlamlıq Mərkəzinə edilən müraciətlərin sayında artım var. Onun sözlərinə görə, 3 il öncə uşaqlı-böyüklü Psixi Sağlamlıq Mərkəzinə ildə 2000 nəfər müraciət edirdisə, indi ildə Mərkəzə 4000-5000 nəfər müraciət edir: “Lakin bu heç də vəziyyətin təhlükəli olması demək deyil. Bu, Mərkəzin xidmətlərinin keyfiyyətinin artdığından xəbər verir ki, insanlara bizə inanıb müraciət edirlər”.

Qaynarinfo bu məqamları psixiatr, Dr. Azər Bağırovla müzakirə edib. Psixiatr suallarımızı belə cavablandırdı:

– İnsanlar əksər hallarda psixiatrlarla və psixoloqların vəzifələrin qarışdırırlar. Və ya psixiatrın daha ağır xəstələr üçün nəzərdə tutulmuş həkimlər olduğunu düşünürlər. Buna görə də istərdim əvvəlcə bu 2 sahə arasındakı fərqi izah edəsiniz…  

– Bilirsiniz, psixiatr həkimdir. İşə başlamaq üçün Tibb Universitetini bitirir. Və bundan sonra psixiatr işləmək hüququ qazanır. Amma psixoloqlar müxtəlif universitetlərdə 4 illik təhsil sistemini bitirmiş bir peşə sahibidir. Ancaq insan psixologiyasını öyrənir, araşdırır. Ona görə də psixoloqların diaqnoz qoymaq səlahiyyətləri yoxdur. Ona görə insanlar əvvəl psixiatr, daha sonra psixiatrın yönləndirməsilə psixoloqa müraciət etməlidirlər. 

– Ölkədə Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayının artmasını müsbət hal kimi dəyərləndirmək doğru yanaşmadır? 

– Tamamilə düzgün yanaşmadır. Bu əslində bütün ölkələrin keçdiyi bir yoldur. Məsələn, qardaş ölkə Türkiyənin özündə 20 il öncəylə müqayisədə psixiatrik mərkəzlərə müraciətlərin sayıkəskin artıb. Bu xəstəliklərin artışı ilə əlaqəli deyil, insanların maariflənməsi ilə bağlıdır. Onlar artıq yolunda getməyən vəziyyətləri mütəxəssislə həll etməyi öyrənirlər deməkdir. 

– Son dövrlərdə psixi xəstəliklərin sayında kəskin artım müşahidə olunur. Bunu nə ilə qiymətləndirərsiniz? 

– Bəli, bunu Ümumdünya Səhiyyə Təşkilatı da deyir. İndiyə qədər ilk sırada ürək-damar xəstəlikləri gəlirdisə, 2020-ci ildə psixi problemlərin, xüsusən, depressiyanın xəstəliklər sırasında ilk yerdə olacağı gözlənilir. Səbəb olaraq isə sənayeləşmə, demoqrafik artım, gərgin iş rejimi, stressli yaşam şərtləri və s. kimi faktorları göstərmək olar. Ancaq ümumilikdə, genetik psixi pozğunluqları, şizofreniya, təşviş-həyəcan pozuntuları və s. ümumi rastlanma sıxlığında nəzərə çarpacaq artım müşahidə olunmur. Sadəcə, cəmiyyət inkişaf etdikcə, xəstəliklərə daha tez və daha dəqiq diaqnoz qoyulur, statistik olaraq müalicə başlanılır. Bu da say artmının baş verməsi hissini yarada bilir. Əslində isə ciddi bir dəyişiklik olmur. 

– Pasiyentləriniz arasında ən çox müşahidə etdiyiniz xəstəliklər hansılardır? 

– Şəxsi praktikamda xalq arasında nevroz olaraq bilinən təşviş-həyəcan pozuntusu dediyimiz hallar birinci sıradadır. İkinci sırada isə depressiya hallarıdır. 

– Son olaraq, övladında hansı halları müşahidə edən valideynlər gecikmədən mütəxəssisə müraciət etməlidir?

– Belə deyim, yeniyetməlik dövrü, təxminən, 13-17 yaş aralığı bir çox psixiatrik xəstəliklərin başlama yaşıdır. Məsələn, sayrışan hallar nevrozu və ya elə şizofreniyanın özünün başlama yaşı bu dönəm olduğu üçün bu yaşlar xüsusi diqqət tələb edir. Bu yaşlı yeniyetmələrdə içinə qapanma, yanaşma tərzinin dəyişməsi, özünə baxımı azalırsa, ünsiyyətdən qaçırsa, fərqli hallar müşahidə olunursa, deyək ki, dini mövzulara çox yönəlirsə və yaxud ətrafdakı insanlardan fərqli düşüncə tərzi, fikirlər ilə çıxış edirsə, bu hallarda şübhələnmək və mütəxəssisə müraciət etmək lazımdır. Bunları xarakterik xüsusiyyət kimi qiymətləndirməmək lazımdır. Çünki güman ki, sosial fobiaya bağlı olaraq bu insan ünsiyyət qurmaqdan qaçır.