Kateqoriyalar
Endokrinologiya

Tireotoksikoz xəstəliyi

Tireotoksikoz – qanda qalxanabənzər vəz hormonlarının miqdarının artması halıdır. Bu xəstəlik zamanı qanda hormon miqdarının artması ilə yanaşı vəzin ölçülərində də böyümə baş verir. El arasında bu xəstəlik “zəhərli zob” olaraq bilinir.

Qalxanabənzər vəz xəstəliklərindən danışarkən daha çox hallarda haşimato xəstəliyindən, yod əskikliyindən, zob xəstəliyindən danışılır. Mən düşünürəm ki, artıq xəstələr bu xəstəliklər haqqında məlumatlıdırlar, bilirlər ki, o xəstəliklərdə hansı əlamətlər ola bilər, nə zaman həkimə müraciət etməlidirlər, ancaq qalxanabənzər vəzin çox rast gəlinən, özəlliklə, gənclər arasında çox yayğın olan xəstəliklərindən biri də tireotoksikoz xəstəliyidir.

Tireotoksikoz əslində – qanda qalxanabənzər vəz hormonlarının miqdarının artması halıdır. Bunun altında bir çox xəstəlik ola bilər. Bu xəstəliklərdən ən çox yayılanı qalxanabənzər vəzin autoimmun xəstəliyi olan “Qreves xəstəliyi”dir. Bu xəstəlik zamanı qanda hormon miqdarının artması ilə yanaşı vəzin ölçülərində də böyümə baş verir. El arasında bu xəstəlik “zəhərli zob” olaraq bilinir.

Tireotoksikozun digər səbəbləri

Graves xəstəliyindən başqa qalxanabənzər vəzinin hormon ifraz edən düyünləri ola bilər. Bu tək sayda ola bilər – “Toksik adenoma” adlanır və ya çoxlu sayda ola bilər – “Toksik Multinodular Quatr” adlanır. Bu zaman tireotoksikoz görülə bilər. 

Və ya haşimato xəstəliyi olan və kənardan Levotiroksin qəbul edən xəstələr uzun müddət kontrolsuz şəkildə, düzgün doza almamış şəkildə bu hormonu qəbul edərlərsə, bu zaman da tirotoksikoz müşahidə oluna bilər. 

Akut tiroidit, səssiz tiroidit və ya haşimato xəstəliyinin haşitaksikoz dediyimiz mərhələlərində, yəni daha çox erkən mərhələlərində tireotoksikoz görülə bilər. 

Hamilələrdə, özəlliklə birinci trimestrdə qalxanabənzər vəzin hormonları qanda yüksələ bilər və keçici bir tireotoksikoz halı müşahidə oluna bilər. 

Hipofizin TSH hormonu ifraz edən adenomlarında tireotoksikoz halı müşahidə oluna bilər.

Səbəb nə olursa olsun, klinikada çox hallarda xəstədə ümumi əlamətlər görülür. 

Tireotoksikozun əlamətləri

Yəni əsas əlamətləri: ürək döyünmə, həddən artıq əsəbilik, yuxusuzluq, narahatlıq, emosional ləbillik, saçların tökülməsi, çoxlu miqdarda tərləmə və buna bağlı olaraq dərinin daim nəmli olması, incəlməsi kimi hallar müşahidə olunur. 

Əsas əlamətlərdən biri də əllərdə titrəmə – tremor olmasını və xəstələrdə qısa müddətdə çox miqdarda çəki itirmə, arıqlama müşahidə oluna bilər. Bunun da əsas səbəbləri metobolizmanın sürətlənməsi, çoxlu tərləmə və bəzi xəstələrdə hətta davamlı ishal ola bilər (müalicəyə tabe olmayan).

Ən vacib əlamətlərdən biri gözlərdə dəyişikliklərdir. Hansı ki, bu xəstələrdə göz almalarının önə doğru qabarması “ekzoftalmiya” dediyimiz hal müşahidə oluna bilir və çox hallarda xəstəni həkimə gətirən səbəb bu olur.

Klinik əlamətlərdən başqa qanda T3-T4 hormonunun miqdarının artması TSH-nı basqılaması görülə bilir.

Tireotoksikozun müalicəsi 

Müalicədə hazırkı dönəmdə antitiroid tabletlər istifadə oluna bilər, cərrahi müalicə seçilə bilər və ya radioaktiv yod müalicəsi.

Ancaq müalicə taktikasının seçilməsi tireotoksikozun altda yatan səbəbinə, xəstənin yaşına, cinsinə və statusuna bağlı olaraq dəyişilir və fərdi qərarlaşdırılır.

Hazırkı dönəmdə tireotoksikozun səbəbini müəyyənləşdirmək üçün də əlimizdə yetərincə vasitə var. Yəni qalxanabənzər vəzin ultrasəs müayinəsi, qanda “TRAb antikor” dediyimiz anticisimlərin təyin olunması, ehtiyac olarsa, tiroid sintiqrafiyası, hipofiz adenomadan şübhələniriksə, hipofiz magnit rezonans (MR) müayinəsi ilə, yəni altda yatan səbəbi tam dəqiqləşdirə bilərik və bundan sonra da buna uyğun müalicə müəyyənləşdirilə bilər.

Vaxtında müalicə olunarsa, fəsadsız şəkildə yəni tam müalicə oluna bilən bir xəstəlikdir. Önəmli olan xəstələrin bu haqda bilgili olmasıdır.

Uzman Dr.Aysel Şıxəliyeva, Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir