Kateqoriyalar
Endokrinologiya

Yuxusuz qalmanın zərərləri

Təxminən həyatımızın 1/3 hissəsini yuxuda keçirdirik. 

Yuxu həyat fəaliyyətimiz üçün, orqan toxumalarımızın sağlam, normal fəaliyyət göstərməsi üçün, metabolizmamız üçün, hormonlarımızın düzgün bioloji ritmlə sintezlənməsi üçün çox vacibdir.

Yuxusuzluq bir sıra xroniki xəstəliklər, həmçinin bir sıra metabolik xəstəliklərin əmələ gəlməsi üçün risk faktorudur. Bunlardan: qan təzyiqinin yüksəlməsi, bir sıra ürək xəstəlikləri və diabet daxildir ki, yuxusuzluq zamanı sadalanan xəstəliklərin inkişaf riski artır.

Həmçinin yuxusuzluq zamanı ən böyük problem olan piylənmənin inkişaf riski artır. Çünki yuxu pozğunluğu olan zaman aclıq və toxluq hormonlarının ifrazı pozulur. Belə ki, aclıq hormonunun ifrazı artar, toxluq hormonunun ifrazı azalar və bu bizim iştahımızın artmasına, qeyri-sağlam qidalanmamıza və nəticədə piylənmənin əmələ gəlməsinə gətirib çıxarda bilir. 

Həmçinin yuxusuzluq halsızlığa səbəb olduğuna görə fiziki aktivliyimiz azalar və bu da əlavə olaraq piylənmənin əmələ gəlməsinə gətirib çıxarda bilər.

Tədqiqatlar göstərib ki, 6-8 saat fasiləsiz, keyfiyyətli gecə yuxusu yatan insanlarda şəkərli diabet əmələ gəlmə riski 6 saatdan az yatan insanlara nisbətən 30-90 faiz azdı. Yəni bu əslində çox böyük göstəricidir. Yəni bəlkə də, diabetin əmələgəlmə risk faktorlarından biri kimi yuxusuzluğu belə qeyd edə bilərik.

Bundan əlavə yuxusuzluq ürək, qan-damar sistemi xəstəliklərin əmələ gəlməsində də böyük rol oynayır, xüsusilə də, diabet xəstələrində. Çünki biz yuxuda olarkən stres hormonlarımız azalır, əzələlərimiz boşalır, nəticədə qan təzyiqimiz oyaq vaxta nisbətən daha aşağı olur və bir növ desək, ürək və qan-damar sistemi dincəlmiş olur. Və ona görə normal gecə yuxusu olanlarda ürək, qan-damar sistemi xəstəlikləri, həmçinin təzyiqin yüksəlməsi də daha az rast gəlinə bilər. Hər bir böyük insan gün ərzində 6-8 saat fasiləsiz keyfiyyətli gecə yuxusu yatmalıdır.

Dr. Gülay Məmmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir