Kateqoriyalar
Pediatriya

“Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm”

Valideynləri çox narahat edən mövzulardan biri də uşalarda immunitetdir. 

İmmunitet nəyə xidmət edir? Sadə dildə desək orqanizmə daxil olan bakteriya və viruslardan, yaranacaq xəstəliklərdən bizi qoruyur və mübarizə aparır. Bizi qoruyan bir mexanizmdir immunitet. 

Valideyinlərin ən çox verdiyi sual: “Doktor bizim uşağın immuniteti aşağıdır və mən ona immuniteti qaldırıcı bir dərman vermək istəyirəm”. 

Ümumiyyətlə, elə bir dərman mövcud deyil. Yəni immunitet heç bir vaxt, heç bir dərmanla qalxmaz. 

İndilərdə 1-2 maddənin immunitetin qaldırılmasında rolu olduğu haqqında tədqiqatlar aparılır. Bu dərmanlara sink aid ola bilər, vitamin C aid ola bilər hansı ki, onların immunitetin qaldırılmasında rolu haqqındakı tədqiqatlar hələ ki davam etdirilir. Amma o tədqiqatların heç biri hələ tam sona yetirilməyib və bizə tam bir məlumat verilməyib ki, “Həqiqətən də, bu dərmanı versək uşaqda heç bir xəstələnmə olmayacaq”. 

Uşaq doğulduqda anadan uşağa onu 6 aya qədər qoruyan antikorlar da keçir. Amma 6 aydan sonra artıq yavaş-yavaş orqanizm öz immunitetini formalaşdırmağa başlıyır. 

Bağça dövrü

Problem də burada başlayır. Artıq yavaş-yavaş uşaq böyüyür və 2 yaşından sonra bağçaya getməyə başlıyır və yaxud xarici mühitlə əlaqəsi artmağa başlayır. Bu zaman da uşaq tez-tez xəstələnməyə başlayır.

Ən çox da 2-5 yaşında övladı olan valideynlər narahat olur ki, “Bizim uşağımız hər ay xəstələnir”. 

Əgər bir uşaq bağçaya getmirsə il ərzində 6-8 dəfə, yox bağçaya gedən uşaqdırsa il ərzində 8-10 dəfə yuxarı tənəffüs yollarının respirator infeksiyası, belə deyək – “virus infeksiyaları” keçirə bilər. 

Orqanizm özü möhkəmdirsə, immuniteti formalaşıbsa məsələn, 3 gün, 2 gün, bəzən 1 gün, bəzən 5 günə qədər qızdırma, biraz iştahsızlıq, halsızlıq olur uşaqda. Amma orqanizm özü mübarizə aparır və virus infeksiyası artıq başqa bir ağırlaşma verə bilmir.

Amma bir uşaq bir il ərzində 3 dəfədən çox sətəlcəm olarsa, 3 dəfədən çox irinli otit olarsa və ya 3-6 dəfə irinli angina olarsa, bədənində hər hansı bir yerində bakterial mənşəli irinli səpkilər, yaralar olarsa, o zaman artıq biz immun defisiti haqqında araşdırma aparırıq. 

Artıq 1 il ərzində normativləri aşır, yəni 3 dəfədən çox pnevmoniya (el arasında sətəlcəm deyilir) oldu uşaq… O zaman artıq immun defisit vəziyyəti haqqında düşünə bilərik. 

Yaxud hər dəfəsində xəstəxana yatışı lazım olursa, hər dəfəsində uşaq venadaxili antibiyotik alarsa, o zaman biz immun defisit vəziyyəti araşdırırıq. 

Amma bu dediyim əlamətlər heç biri yoxdursa, o zaman sadəcə olaraq immunitetin formalaşması üçün uşağa biz zaman verməliyik. 

Bağçanın ilk ili onsuz da uşaq tez-tez xəstələnəcək. Amma ilbəil uşağın yaşı artdıqca xəstələnmə sayları aşağı düşəcək. Çünki orqanizm artıq möhkəmlənir. 

Bu zaman immunitet qaldırıcı heç bir dərman verilmir. Elə bir dərman mövcud da deyil. 

“Uşağıma soyuq dəyər”

Burada mən valideynlərə nə məsləhət görürəm? Mütləq düzgün qidalanmaq lazımdir! Vitaminlərlə, minerallarla zəngin qidalanmaq… Bəli, valideynlər deyir: “Doktor uşağım meyvə yemir, tərəvəz yemir…” 

Yaşı artdıqca sevdirmək, bacardığımız qədər sevdiyi qidadan istifadə edib o vitaminləri, mineralları orqanizmə vermək, mütləq açıq havada gəzmək, mütləq günəşdə olmaq, təbii ki, qayda-qanunlara riayət edərək, mütləq su vannası, düzgün duş qəbul etmək lazımdır. “Uşağıma soyuq dəyər” deyə sudan, havadan qorxmamalıyıq. 

Orqanizmin möhkəmlənməyinə icazə vermək lazımdır. 

Vaxtlı vaxtında D vitamini almaq – ən vacibimiz budur.  

İldə bir dəfə mütləq pediyatrla məsləhətləşib lazım olan müayinələrdən keçib qan dəyərləri, dəmir və s. baxıb orqanizmi nəzarətdə saxlamaq lazımdır.

Bir ildə 6-8 dəfə xəstələnmə sayı növbəti illərdə azalmağa doğru gedəcək. Bu da artıq immunitet sisteminin formalaşması və o keçid dövrünün, öyrəşmə dövrünün aşılması deməkdir. 

Məktəb yaşlı uşaqlar

Adətən 8 – 9 yaşında uşaqlar tez-tez xəstələnmir. 

Bəzən bağçaya getməyən, evdə olan uşaqlar olur. Onlar bağça dövründə xəstələnmədiyi üçün məktəbin ilk siniflərində xəstələnmə rast gəlinə bilər. Amma onlarda belə, kiçik yaşlılarla müqayisədə daha az olur xəstələnmələr.

Bağçaya qoyma yaşı soruşulanda ona görə 2 yaş yarım, 3 yaşından böyük uşaqları məsləhət görürük ki, daha kiçik uşaqları, məsələn 1 yaş yarım uşağı bağçaya qoyanda o xəstəlikərə qarşı mübarizədə biraz daha zəif ola bilər. Amma uşaq böyüdükcə xəstəliklərlə mübarizəsi daha rahat olur. Artıq 2 yaş yarım, 3 yaş artıq formalaşmış orqanizmdir və o xəstəlikləri daha rahat keçirmə qabiliyyətinə malikdir.

Dr.Gülnar Abdullayeva, Pediatr

8 replies on ““Doktor, uşağın immuniteti aşağıdır, immunitet qaldırıcı dərman istəyirəm””

Uşaqlarımın immuniteti çox aşağıdır əl barmaqlarının ucları soyulur, qızarır qa bəzi yerləri qanayır yazı yaza bilmirlər. Nəsə mənləhət görərsiz zəhmət olmasa 9-10 yaşları var

Salam. Əgər 10 yaşlı uşağın ağzında stomatit çıxırsa, onun mənşəyini bilmək lazımdır. Adətən virus mənşəli olur. Müayinədən sonra dərman təyin edə bilərik. Ağrısı olarsa, temperaturu yüksək olarsa, qızdırma salıcı, ağrı kəsici dərmanlardan istifadə etmək olar. Yumşaq olan yeməklərdən seçim etməlisiniz və çoxlu maye qəbul etməlidir.
Dr Gülnar Abdullayeva, Pediatr

Salam doktur. Menim oglumun 2 yasi var. Helede ana sudu ile qidalanmaga davam edir. Bilmek isterdimki ana sudu qizilcaya qarsi imunitet yaradir?

Salam. Onsuz da ana südü ilə qidalanma 2 yaşa qədərdir. 2 yaşdan sonra ana südü ilə qidalanmanı protokollara əsasən dayandıra bilirik. Təbii ki, bütün viruslara qarşı immunitet verə bildiyi üçün, qizilcaya qarşı da immunitet verə bilir. Amma 2 yaşdan sonra artıq ana südü ilə qidalandırma dayandırılır.
Dr Gülnar Abdullayeva, Pediatr

Salam doktor menim oglumun 2 yasi var helede ana sudu ile qidalanmaqa davam edir bilmek isterdimki ana sudu qizilcaya qarsi iminitet yaradir mi?

Salam. Onsuz da ana südü ilə qidalanma 2 yaşa qədərdir. 2 yaşdan sonra ana südü ilə qidalanmanı protokollara əsasən dayandıra bilirik. Təbii ki, bütün viruslara qarşı immunitet verə bildiyi üçün, qizilcaya qarşı da immunitet verə bilir. Amma 2 yaşdan sonra artıq ana südü ilə qidalandırma dayandırılır.
Dr Gülnar Abdullayeva, Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir