DONMUŞ ÇİYİN

Çiyin nahiyəsində ağrı şikayəti ilə olan müraciətlərin 2%-də rast gəlinən əziyyət verici bir problemdir. Donmuş çiyin az şikayətlərlə başlayır və oynağın tamamilə hərəkətsiz qalmasına səbəb ola bilər.

Donmuş çiyinin səbəbləri- Birincili səbəblər hələ tam dəqiq bilinməsə də tədqiqatçılar immun sistemindəki dəyişikliklərlə və ya hormonal tarazlığın pozulmasından qaynaqlana biləcəyini fərz edirlər. Lakin bunu sübut edən və ya inkar edən yetərincə məlumatlar hələlik yoxdur. Həkimlər sınıq və ya əməliyyat səbəbi ilə çiyinin uzun müddət hərəkətsiz vəziyyətdə saxlanılmasının da səbəb ola biləcəyi fikrindədirlər. Bəzən diabet və artroz kimi xroniki səbəbdən də yarandığı görülməkdədir.

Donmuş çiyin -Risk faktorları:

40 yaşdan yuxarı rast gəlmə ehtimalı daha çoxdur. 

Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir.

 Hər hansı bir səbəbdən (felç,sınıq,çiyində manjet əzələlərinin yaralanması və ya əməliyyat sonrası sağalma dövrü kimi) çiyinin uzun müddət hərəkətsiz qalması.

Həmçinin Parkinson xəstəliyi, vərəm, ürək-damar xəstəlikləri, diabet (10-20% xəstələrdə)  və triodit (hipo və hiper) ilə əlaqəli problemlər də səbəb olmaqdadır.

Donmuş çiyin- mərhələləri.

1.Ağrılı faza. 2-9 ay. İlk olaraq ağrı başlayır və buna hərəkətsizlik də qoşulur. Gecələr şikayətlər daha da artır.

2.Hərəkətsizlik fazası. 4-12 ay. Ağrı yavaş-yavaş azalır, lakin hərəkətsizlik davam edir və daha da artır. Qolunuzu bayıra doğru döndərmək imkansız hala gəlir.

3.Sağalma fazası.6 ay-2 il. Bu dövrdə ağrı, donma və hərəkət məhdudluğu yavaş-yavaş azalır, sağalma ilə nəticələnir.

Donmuş çiyin- diaqnoz qoyulması:

• Həkim xəstəni passiv hərəkət aralığını (başqası qolunuzu hərəkət etdirir) və aktiv hərəkət aralığını (xəstə özü qolunu hərəkət etdirir) qiymətləndirdiyi fiziki müayinədən keçirir. Donmuş çiyin tipik olaraq bu müayinə ilə təsbit edilərkən, həmçinin ağrı və sərtliyin səbələrini istisna etmək üçün X-ray və ya MRT kimi görüntüləmə testlərindən də istifadə olunur.

Donmuş çiyin -müalicəsi:

• Ağrıkəsici

• Steroid inyeksiyası

• Oynağı genişləndirmək üçün steril suyun inyeksiyası

• İdman hərəkətləri.

• Fizioterapiya (TENS, Akupunktura, masaj, isti və soyuq kompreslər)

• Çiyin manipulyasiyası (ümumi anesteziya altında çiyin hərəkətlərini artırmaq üçün qapalı şəkildə manipulyasiyanın olunması. Diqqət etmək lazımdır ki, oynaq çox sərt olduqda prosedur zamanı sınıqlar olmasın)

• Cərrahi müdaxilə. Çiyin konservativ edilən müalicələrə baxmayaraq tam hərəkətsizdirsə və ya qeyri qənaətbəxşdirsə əməliyyat ən düzgün müalicə növüdür. Əməliyyat əsasən kiçik kəsiklərlə, kiçik alətlərlə aparılır və sağalma müddəti çox qısa olur.

Op. Dr.İlkin Cəlilov Ortoped-Travmatoloq