Koksaki virusu

Koksaki virusları əsasən uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır. Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpgilər əmələ gəlir. Səpgilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpgilərinə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyildir. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsiylə ötürülür. Körpələrdə səpgilər yarandıqda valideynlər çox narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyimiz kimi virus infeksiyalarının köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiyotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir.

Uzm. Dr. Altay Abdullaoğlu

Pediatr-Neonatoloq