Bel ağrılarını yaradan səbəblər

Əhalinin demək olar ki, 70 faizi bel ağrısından əziyyət çəkir. Xüsusilə 20-35 yaş arası insanlarda daha çox müşahidə olunur. Bunun da əsas səbəbi hərəkətsiz həyat tərzidir. Uzun müddət oturmaq, uzun müddət yatmaq və ya eyni hərəkət halında qalmaq bel ağrısını yaradan əsas faktorlardandır. Peşə xəstəlikləri dediyimiz kateqoriyaya bel və boyun ağrıları da daxildir. El arasında "qrija" deyilən bel yırtığı ağrının əsas səbəbidir. Ümumiyyətlə, 3 aydan artıq davam edən ağrılar xroniki ağrı adlanır. Sinir mənşəli ağrılar daha çox olur. Bu da öz növbəsində xəstənin sosial həyatına mənfi təsir edir. Hətta bir çox hallarda bel ağrılar depressiyaya səbəb olur. Ona görə də bəzi xroniki ağrılarda biz xəstələrə antidepresan dərmanlar veririk. Xüsusilə ankoloji xəstələrdə bu vəziyyət daha sıx rast gəlinir.

Hər hansı bir ağırlıq qaldırarkən balanslı şəkildə qaldırmaq, ağırlığın bir tərəfli olmamasına diqqət etmək çox vacibdir. Bel insanda ən çox hərəkət edən bölgədir. Ağırlıq qaldırdığımız zaman ən çox yük bu nahiyəyə düşür. Burada həssas nöqtələr olduğundan ani hərəkət belə belin zədələnməsinə səbəb ola bilər. Məsələn, illərlə heç bir bel ağrısı olmayan insanda 40-50 yaşından sonra ani bir hərəkətlə şiddətli bel ağrısı yaranır. Bu zaman anamnez (yəni, xəstəni dinləməklə) etməklə 75% diaqnoz qoymaq mümkündür.

Ağrılar beldəki potologiyalarla əlaqəli olur. Əgər sinirə təzyiq varsa, ağrı ayaqlara, bəzən barmaqlara, bəzənsə dizlərə qədər vura bilir. Və yaxud da diabet, onkoloji və ya müxtəlif qan xəstəliklərində problem sinirin özündə olur. Müayinələr heç bir potologiyanın olmadığını göstərir. Amma sinirin özündə qidalanma problemi olduğu üçün funksional normallıq pozulur və bel ağrısı bundan qaynaqlana bilir.

Oynaq potologiyalarında isə ağrı ancaq bel nahiyəsində olur, ayaqlara vurmur. Lakin xəstədə bel yırtığı əmələ gəlibsə, ayaqlarda da ağrı müşahidə olunur.

Çox ağrısı olan xəstə üçün istirahət etməyi məsləhət görürük və bu müddətdə onu nəzarət altında saxlayırıq. Xəstənin vəziyyətindən asılı olaraq ona gün ərzində 3 km yeriməyi və üzməyi tövsiyə edirik.

Uzm. Dr. Kahraman Seyfidarov

Anestezioloq-reanimoloq, alqoloq