Anesteziya nədir ?

Anesteziya iki kəlmənin birləşməsindən yaranıb və "an" "yox olması, itməsi", "estezi" isə "hiss" deməkdir. Yəni hissin itməsi, yox olması mənasını ifadə edir. Bu da insan yarandığı gündən bəri mövcuddur. Əvvəllər ağrını azaltmaq üçün hər vasitədən istifadə olunub. Belə ki, ağrı olan yeri sıxaraq, soyuq tətbiq edərək ağrını keyitməyə çalışıblar. Hazırda istifadə olunan anesteziya isə ümumi, lokal və regional keyitmə olaraq 3 yerə bölünür. Lokal anesteziya sadəcə müdaxilə ediləcək yerin keyidilməsidir ki, bu qısa müddətliyinə olur və yerli keyitmə adlanır. Regional anesteziya isə ayaqlarda, qollarda, əldə və ya diafraqmadan aşağı nahiyələrdə hər hansı cərrahi müdaxilə zamanı tətbiq olunur. Hətta bəzi yerlərdə regional keyitmə ilə ürək əməliyyatı belə olunur.

Əvvəla anesteziya bir dərmandır. Hər il tibb inkişaf edir və hər yeni çıxan dərmanın ən yaxşısı olduğu deyilir. Təbii ki, hər zaman çalışırıq xəstə üçün ən zərərsiz vasitələrdən istifadə edək. Məqsədimiz xəstənin əməliyyatdan sonra tez ayılması, ağciyər, ürək və beyin üzərində minimum depressiv təsirin olması və vasitələrin bahalı olmamasıdır. Elm adamları bunun üzərində çalışır amma bu vasitənin nəticələri haqqında tam məlumat əldə etmək üçün 10-15 il, bəlkə də daha çox  zaman keçməlidir. Əvvəllər istifadə olunan dərmanların nəticəsində baxdığımız zaman böyrək, qaraciyər, ürəyin ritminin pozulmasına təsir göstərdiyini görürük. Lakin hazırda istifadə etdiyimiz dərmanların zərərlərini minimuma endirmək üçün əvvəlcədən tədbir görürük. Əvvəllər xəstədə əməliyyatdan sonra anesteziyanın təsirində ürəkbulanma müşahidə olunurdu. Indi bunun qarşısını almaq üçün "narkozu" ya venadaxili, ya da ağciyərdən ötürürük. Qeyd edim ki, hər xəstəyə spesifik yanaşırıq.

Yerli keyitmə ilə ümumi anesteziyanın zərərləri arasında çox fərq olur. Əvvəla xəstə sadəcə bədəndən ibarət deyil. Buna görə də hər hansı cərrahi müdaxilə zamanı onun həm də psixoloji vəziyyəti nəzərə alınır. Deyək ki, xəstə uzadılıb və üzü masqalı bir neçə həkim onun hər hansı nahiyəsində cərrahi əməliyyat edir. Bu zaman xəstənin psixoloji vəziyyəti çox önəmlidir. Ona görə də xəstəyə yüngül sedasiya verilərək huşsuz vəziyyətə gətirilir. Anesteziyanın yerli və ya ümumi olmasından asılı olmayaraq, xəstə əməliyyat öncəsi hərtərəfli müayinə olunur. Hər hansı allergik xəstəliyi varmı, böyrəyində və ya ürəyində problemin olub olmaması yoxlanılır. Çünki verilən dərmana bədənin reaksiya dəyişə bilir. Buna görə də xəstənin ümumi anezteziyaya keçirmə ehtimalı yüksəkdir. Bu həm lokal, həm də regional anezteziya üçün keçərlidir. Bu səbəbdən də biz hər xəstəni ümumi "narkoz"a uyğun şəkildə hazırlayırıq.

Anezteziyada heç bir məhdudiyyət yoxdur. Təcrübəmdə bir günlük körpə də əməliyyat olunub, 90 yaşından yuxarı da. Indiyə qədər heç bir problem yaşanmayıb, ümid edirəm ki, bundan sonra da olmaz. Buna görə də, hər bir xəstə dəqiqliklə müayinə olunur və onun vəziyyətinə uyğun olaraq "narkoz" verilir. Təbii ki, bütün risklər, baş verə biləcək hallar haqqında xəstəyə və xəstə yaxınlarına məlumat verilir. Ümumiyyətlə, xəstə yaxınlarının razılığı olmadan biz heç bir şey edə bilmərik. Fövqaladə vəziyyət, həyati təhlükə istisna təbii ki. 

 Cəmiyyətdə "narkoz"dan ayılmadı deyə bir anlayış var. Lakin bizim verdiyimiz dərmanların müddəti bəllidir. Yəni nə vaxt yatıb nə vaxt oyanacağı dərmanın dozasına görə əvvəlcədən müəyyən olur. Lakin ayılma müddəti bəzi hallarda uzana bilir. Bu da ağciyər və ya böyrək yetməzliyi səbəbilə baş verir ki, bu zaman xəstə reanimasiyaya yerləşdirilir. Lakin heç ayılmama kimi bir vəziyyət mümkün deyil. Olursa da səbəb "narkoz" deyil. Bu da daha sonra araşdırıldığı zaman ortaya çıxır.

 Əməliyyatdan əvvəl xəstənin bütün orqanlarını tanımağa çalışırıq. Qaraciyər və böyrəyin fəaliyyəti hərtəfərli yoxlanılır. Ürəyində ritm bozğunluğu və ya xolesterolun yüksək olmasında şübhələniriksə mütləq "exo" olunur. Bu cür xəstələrimizdə biz təzyiqi çox sala bilmirik. Çox saldığımız zaman infarkt ehtimalı yüksək olur. Əməliyyat müddətində ürək ritmi anbaan izlənilir. Və təzyiq nəzarətdə saxlanılır. Bununla yanaşı, xəstənin nə dərəcə dərinlikdə yatdığını göstərən monitorinq aparatı mövcuddur ki, bu da xəstənin vəziyyəti haqqında məlumat verir.

Uzm. Dr. Kahraman Seyfidarov

Anestezioloq-reanimoloq, alqoloq