Ana südü haqqında bilinməsi lazım olanlar

Ana südü ilə bağlı verilən suallar:

Ana südü neçə yaşına qədər verilə bilər?

Ana südü 6 ayına qədər mütləq verilməlidir. 1 yaşına qədər əlavə qidalanma ilə birlikdə verilə bilər. Əgər ana və uşaq istəklidirsə, bu zamanı 2 yaşına qədər artırmaq olar. 1 yaşından tez ana südünü kəsməyi məsləhət görmürük.

Ana südünü sağıb saxlamaq qaydaları necədir?

Ana südü 3 saat otaq temperaturunda, 3 gün soyuducuda 2-8 derece temperaturda, 3 ay soyuducuda dondurulmuş vəziyyətdə -20 dərəcə temperaturda, və 6ay dərin dondurucuda saxlanıla bilər.

Döş əmmə nə qədər zaman çəkir?

İlk günlərdə ana körpəyə və körpə anaya uyğunlaşana qədər bu zaman 30-40 dəqiqə çəkə bilər. Lakin bundan sonra uşaq artıq sərbəst əmirsə, onda bu zaman 5 dəqiqəyə qədər azala bilər.

Ana südünü necə artırmaq olar?

Təbii ki ,doğumdan sonra süd ifrazı çox olmaya bilər. Belə halda analar müəyyən qayda- qanunlara riayət etməlidirlər ki, döşdə süd olsun və uşaq normal çəkini artırsın. Belə ki, süd verən ana gündə 2-3 litrə yaxın maye içməli, normal yatmalı və uşağı tez tez döşə qoymalıdır. Uşaq döşü əmərkən qadın orqanizmində baş verən dəyişikliklərlə əlaqədar olaraq müəyyən maddələr sintez olunmağa başlayır və beləliklə də döşə gələn südün miqdarının artmasına səbəb olur. Bəzi otlardan hazırlanan çaylar da südün artırılmasına kömək edə bilər.

Mənim körpəm  ana südü ilə doyurmu?

Ümumiyyətlə körpənin doymasını bilmək üçün ilk növbədə onun çəkisini kontrol etmək, çəkisinin nə qədər artdığını bilmək lazımdır. Əgər bu artım varsa, uşaq normal çəkini alırsa bu zaman uşaq doyur deməkdir.

Əziz analar, körpənizi yalnız ana südü ilə qidalandırın. Onun orqanizmin inkişafına verdiyi müsbət təsiri heç bir süni qidadan ala bilməzsiniz!!!

Pediatr Gülnar Abdullayeva