Günəşdən niyə və necə qorunmaq lazımdır ?

Günəş şüaları istilik və işıq mənbəyi kimi təbiət proseslərinin əsasını təşkil etməklə yanaşı, insan dərisində bir sıra dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Günəş şüalarının tərkibinə daxil olan ultrabənövşəyi şüalar (UBŞ) dəri xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbkarıdır.

UBŞ-ın səbəb olduğu dəri problemləri aşağıdakılardır:

  1. Dəri xərçəngi
  2. Günəş yanığı
  3. Günəş allergiyası
  4. Revmatizmal dəri xəstəlikləri
  5. Herpes
  6. Rozasea
  7. Erkən yaşlanma və ya fotoyaşlanma

Yuxarıda sadalanan xəstəlikləri olan soydaşlarımız günəşdən qorunmanı müalicə məqsədiylə özünə verdiş bilməli və həyat tərzinə çevirməlidir. Adı keçən dəri xəstəlikləri olmayan sağlam şəxslər isə gələcəkdə əmələ gələbiləcək dəri xərçəngini və erkən yaşlanmanı əngəlləmək üçün profilaktik məqsədlə günəşdən qorunmalıdırlar. Bu səbədən günəşdən qorunmaq üçün fotoda göstərilən ''5 faktora'' diqqət etməyi unutmamalıyıq.

  1. Bədənin günəşin ən çox təmas etdiyi anatomik bölgələri yəni, qollar, baldırlar, dekolte uzun ətəkli geyimlərlə örtülməlidir.
  2. Üzə günəş şüaları düşməsin deyə panama şlyapalardan istifadə edilməlidir.
  3. Günəş əleyhinə eynəklərdən istifadə edilməlidir xüsusən, günbatan və günçıxan ərəfələrdə.
  4. Fürsət olduğu zamanlarda kölgələnmək lazımdır.

50+ SPF, suyadavamlı, geniş spektrumlu günəşdən qoruyucu kremlərdən və ya spreylərdən istifadə etmək lazımdır. Kremlər günəşə çıxamadan 15 dəqiq öncə sürtülməlidir və 2 saatda bir təzələnməlidir. Günəş qoruyucu kremlərin təsiri 2 saatdan sonra bitdiyi üçün kremi yenidən sürtməyi unutmamaq lazımdır. Günəşdən qoruyucu kremləri günəşin ən çox təmas etdiyi üz, boyun, dekolte, qollar, əllər, baldır və ayaqlara sürtülməlidir. Günəşdən qoruyucu spreyləri bədənə və ətraflara tədbiq etmək daha rahatdır. Körpə və uşaqlar üçün hazırlanmış 50 + SPF günəşdən qoruyucu kremlərdən istifadə etməklə onları da UBŞ-dan qorumağı unutmamalıyıq. Bilmək lazımdır ki, UBŞ uşaqlara daha çox zərər verir nəinki, böyüklərə. Tənbəllik etmədən günəşdən həm özümüzü, həm də uşaqlarımızı qoruyaq ki, hər zaman gənç və sağlam qalaq.


Uzman Dermatoveneroloq Dr. Mehdi İskəndərli