Qalxanabənzər vəzi düyünləri və ya düyünlü zoblara müasir yaxınlaşma

Qalxanabənzər vəzi nədir, vəzifəsi nələrdir ?

Qalxanabənzər vəzi boynun ön qismində yerləşən, böyüklərdə ağırlığı 15-25 qr arasında dəyişən və hər biri 3 sm uzunluğuna olan iki pay ilə və bu payları birləşdirən “isthmus” adlanan körpüdən ibarət kəpənək formasında orqandır. Qalxanabənzər vəzi bir endokrin orqandır, T3 və T4 hormonlarını ifraz edərək ürək və sinir sistemi ilə əlaqədar funksiyaların tənzimində rol alır.

Qalxanabənzər vəzi düyünləri nədir, niyə önəmlidir ?

Qalxanabənzər vəzi düyünləri qalxanabənzər vəzinin əllə müayinəsində  hiss edilə bilən, boyunun ön səthində şişkinliklərə səbəb ola bilən törəmələrdir. Qadınlarda kişilərlə nisbətdə 3 dəfə daha çox rast gəlinir.Qalxanabənzər vəzidə bir və yaxud bir neçə düyün ola bilər. Azərbaycan cəmiyyətində əhalinin 40-50 %-də müxtəlif sayda və ölçüdə qalxanabənzər vəzi düyünləri görülür. Qalxanabənzər vəzi düyünləri 5-10 % hallarda bəd xassəli şişlərə (xərçəngə) çevrilə bilirlər, onun üçün tibbi əhəmiyyətə malikdirlər. Qalxanabənzər vəzinin xərçəngi digər xərçənglərin 1%-ni təşkil edir. Qadınlarda kişilərlə nisbətdə 3 dəfə daha çox müşahidə edilir. Ən əsas risk faktorları arasında baş və boyun bölgəsinə tətbiq edilmiş radioterapiya, radiasiyaya məruz qalmaq və qalxanabənzər vəzinin sintiqrafiyasında təsbit edilən “soyuq düyünlər” rol oynayır.

Düyünlər risk faktorlarına və kliniki vəziyyətə görə ultrasəs müayinəsi, incə iynə aspirasiyası və sintiqrafiya ilə dəyərləndirilirlər.

Qalxanabənzər vəzinin düyünləri və ya düyünlü zobların hamısı əməliyyat olunmalıdırmı ?

- Əgər qalxanabənzər vəzinin düyünləri normaldan artıq hormon ifraz edirlərsə (toksik adenoma və ya çox düyünlü toksik (“zəhərli”) zob) o zaman toksik təsirlərindən dolayı əməliyyat olunmalıdırlar

- Düyünlər toksik (“zəhərli” ) deyilsə, yəni normal miqdarda hormon ifraz edirsə, belə olan hallarda ultrasəs müayinəsi olunmalıdır, USM- də şübhəli əlamət və ya əlamətlər varsa incə iynə aspirasiya biopsiyası olunmalı, nəticədə bədxassəli şişə şübhə varsa və ya bədxassəlidirsə əməliyyat olunmalıdırlar.

- Estetik olaraq  xəstəni narahat edirsə, səsdə dəyişikliyə səbəb olubsa, udqunma pozğunluğu, nəfəs darlığı varsa bədxassəli şübhəsi olmayan düyünlər və ya düyünlü zob da əməliyyat olunmalıdır.

- Xəstə istəyi önəmlidir. Əgər xəstə kontrollara gəlməkdən boyun qaçırırsa, nə vaxtsa xərçəngə tutulma riskindən (bu risk az faiz təşkil etsədə) qorxursa öz istəyi daxilində əməliiyyat oluna bilər

Xoşxassəli olduğu müəyyən olunan düyünlərə və ya düyünlü zoblarda yaxınlaşma necə olmalıdır ?

İlk bir neçə il 6 ayda bir, daha sonra ildə bir və ya iki ildə bir ultrasəs müayinəsi ilə kontrol altında saxlanılırlar. Şübhə olan hallarda təkrar dəyərləndirilmə aparılır.

 

Ümumi cərrahiyyə uzmanı, Op. Dr. Niyazi Eminov.