UŞAQLARDA TUALET TƏLİMİ

Uşaqlarda tualet təlimi


Hazır olduğunu hiss etdiyimizdə uşaqları güvəcə öyrətməliyik. Yəni uşaq deyilənləri başa düşürsə, bağırsaqlarının və sidik kisəsinin dolduğunun fərqini bilirsə, valideyininə tabe olmağı bacarırsa, başqalarının tualetə getməyinə maraq göstərirsə, güvəcin nə olduğunu izah etdikdə qavrayırsa, gün ərzində 2-3 saat quru qala bilirsə, deməli, onu güvəcə öyrətməyin zamanı çatmışdır. Təlimə adətən 18 ay-3 yaş arası başlamaq uyğun sayılır. Lakin bu hər bir uşaqda fərdidir. Uşağı məcbur etmək, əsəbi davranmaq olmaz. Sakit, səbirli davranmaq daha müsbət nəticə verəcək. Bəzi uşaqlarda bu mərhələ 1- 2günə, bəzilərində aylarla davam edə bilər. Təlimə erkən və ya gec başlamaq uşaqda psixoloji problemlərin yaranmasına səbəb olur. Erkən təlimə başlamaq bu mərhələnin daha çətin keçməsinə, sidik və nəcisinin saxlanmasına gətirib çıxarır ki, bu da qəbizliklə, eləcə də, uşaqlarda özünəinamsızlıq kimi bir sıra psixoloji problemlərin yaranması ilə nəticələnir. 
Vərdiş etməsi üçün uşağı güvəcə səhər yuxudan oyananda, yeməklərdən sonra və ya axşam yatarkən oturtmaq olar. Ancaq elə etmək lazımdır ki, uşaqda güvəcə qarşı mənfi hisslər yaranmasın. Əgər təlim alınmırsa uşağı qorxutmaq, cəzalandırmaq əvəzinə bir müddət fasilə verib, yenidən təlimə qayıtmaq tövsiyyə olunur.

Uzman Dr. Altay Abdullaoğlu

Pediatriya şöbəsinin rəhbəri, Pediatr